İDMAN


Çingiz Hüseynzadə: Braziliyada rekord nəticə qazanan Olimpiya millimizlə qürur duyuruq VİDEO

A+ A

Bakı, 26 avqust, Elşad Qəzvini, AZƏRTAC

Avqustun 26-da Milli Olimpiya Komitəsində (MOK) Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək idmançılarımızın Olimpiya Oyunlarından Vətənə böyük qələbə ilə qayıtdıqlarını bildirib. O, deyib ki, Azərbaycan iyirmi ildir Olimpiya Hərəkatında fəal iştirak edir. Ölkəmiz “Atlanta-1996”dan başlayaraq Olimpiya yarışlarına daim artan heyətlə qatılır. Azərbaycan yığması Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1-i qızıl, 7-i gümüş və 10-u bürünc olmaqla 18 medal qazanaraq Vətənə rekord nəticə ilə qayıdıb. Biz xalqımıza böyük sevinc yaşadan Olimpiya millimizlə qürur duyuruq.

İdmançılarımızın 1996-cı ildə Atlantada bir medal qazanması həmin vaxt çox maraqla qarşılansa da, bu dəfə 18 medal əldə etməyimiz heç kimi təəccübləndirmədi. Çünki Azərbaycan artıq idman ölkəsi kimi tanınır.

Sosial şəbəkədə “Rio-2016 Birlikdə Güclüyük” layihəsinin faydasından söz açan vitse-prezident əlavə edib ki, bu layihə uğurlu nəticə verib və Azərbaycan idmansevərləri mötəbər turnirdə baş verənləri buradan anında izləyə bilib.

Yığmamızın uğurlarından danışan Ç.Hüseynzadə atletlərimizin finaldakı məğlubiyyəti ilə bağlı fikirlərini də açıqlayıb: “Bizim səkkiz idmançımız finala yüksəlmişdi və onların hər biri çempion ola bilərdi. Məsələn, Mariya Stadnikə qızıl mükafat üçün 3 saniyə, Valentin Demyanenkoya 10 saniyə və ya Xetaq Qazyumova 10-15 saniyə çatmadı. Bu məsələdə psixoloji amil də rol oynayır. Məğlubiyyətin əsas səbəblərini indidən demək çətindir. Bunu mütəxəssislər təhlil edib açıqlayacaqlar”.

Ç.Hüseynzadə ağırlıqqaldırma üzrə yığmamızın düşdüyü çətin durumu belə izah edib: “Bu gün dünyada dopinq qalmaqalı baş qaldırıb və bunun nəticəsi olaraq neqativ hadisələr baş verir. Bunu məhkəmə yolu ilə aydınlaşdırmağa çalışacağıq. Təmsilçimiz Boyanka Kostovanı son dünya çempionatına görə deyil, Londondakı çıxışından sonra götürülən analizin təkrar müayinəsinə görə cəzalandırdılar. Lakin vaxtilə dopinq qəbul etdikləri aşkara çıxan ABŞ idmançılarından bir neçəsini yarışa buraxdılar. Göründüyü kimi, bu istiqamətdə ikili standartlar mövcuddur. Belə hadisələr yarışlar vaxtı da müşahidə olundu”.

Yığmamızın “Tokio-2020” ilə bağlı perspektivlərindən danışan MOK-un vitse-prezidenti Olimpiya Oyunlarının proqramına yeni daxil edilən karate növündə lisenziya qazanacağımıza ümid etdiyini bildirib. “Biz istərdik ki, növbəti Olimpiya Oyunlarında komanda idman növlərində də iştirak edək. Burada qadın voleybolu bizim üçün daha xarakterikdir. Ötən il Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub. Eləcə də idmanın atletika, üzgüçülük növlərini də inkişaf etdirməyə çalışmalıyıq. Çünki ən çox medal bu növlərdə verilir. Bu il atletikada dörd idmançı ilə təmsil olunduq. Uğur qazana bilmədik. Amma perspektivli idmançılarımız var. İnanırıq ki, onlar Tokioda medal uğrunda mübarizə aparacaqlar. Əsas məqsədimiz sosial şəbəkədə fəaliyyəti gücləndirərək idmanın kütləviliyinin daha da artmasına nail olmaqdır”, – deyə Ç.Hüseynzadə vurğulayıb.

MOK-un vitse-prezidenti legionerlərlə bağlı fikirlərini də bildirib.

Sonda sosial şəbəkədə yerləşdirilən “Rio-2016 Birlikdə Güclüyük” layihəsi ilə bağlı videoçarx nümayış etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.