İDMAN


Çingiz Hüseynzadə: XV Yay Paralimpiya Oyunlarında idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə inanıram

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük qələbələr qazanıblar. Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə iştirak edən Azərbaycan yığması 1-i qızıl, 7-si gümüş, 10-u bürünc olmaqla 18 medal qazanaraq Vətənə rekord nəticə ilə qayıdıb. Bundan əlavə, 10 idmançımız beşinci yeri tutub. Finala yüksələn atletlərimizin hər biri çempion ola bilərdi. Olimpiadada 5-8-ci yerləri tutan idmançılara Beynəlxalq Olimpiya Komitəsi tərəfindən xüsusi nişan və diplomlar verilib. Ümumiyyətlə, ölkəmiz “Atlanta-1996”dan başlayaraq Olimpiya Oyunlarına daha çox idmançı ilə qatılır və böyük uğurlar əldə edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

Ç.Hüseynzadə sentyabrın 7-də Rio-de-Janeyroda start götürəcək XV Yay Paralimpiya Oyunlarında da idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə inandığını deyib.

Son illər respublikamızda çoxlu sayda mötəbər idman tədbirlərinin keçirildiyini vurğulayan MOK-un vitse-prezidenti bildirib ki, bu baxımdan Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz idman sahəsində çox yüksək nəticələr əldə edib. Hazırda Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilir. Azərbaycanda idmanın bu növünə böyük diqqət yetirilir. Bu il Bakıda Formula-1 Avropa Qran-prisi yüksək səviyyədə təşkil olundu. Ötən il Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

“Olimpiya Oyunlarının proqramına yeni daxil edilən karate növündə də lisenziya qazanacağımıza ümid edirik. İstərdik ki, növbəti Olimpiadada komanda idman növlərində də iştirak edək. Burada qadın voleybolu bizim üçün daha xarakterikdir”, – deyə Ç.Hüseynzadə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.