REGİONLAR


Çinin Azərbaycandakı səfiri muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələrində olub

A+ A

Naxçıvan, 17 noyabr, Rauf Əliyev, AZƏRTAC

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Naxçıvan” Universitetinə gələn diplomata ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən ali təhsil ocağında hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. 2015-ci il sentyabrın 15-də - Bilik Günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Yaradılmış şərait nəticəsində ali təhsil ocağında təhsil alan tələbələrin sayı hər il artır. Bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilir. Ali təhsil ocağı bu gün dünyanın 51 tanınmış universiteti ilə sıx əməkdaşlıq edir.

Diqqətə çatdırılıb ki, ötən ilin sentyabr ayında “Naxçıvan” Universitetində İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb. Mərkəzdə Çin Xalq Respublikasının “Huawei” şirkətinin istehsalı olan avadanlıqlar, yeni nəsil çeviricilər və şəbəkə avadanlıqları qurulub. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib. Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə “Huawei” şirkətində istehsalat təcrübəsi keçib. İkihəftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olublar. Daha sonra onlara “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən ofisində müasir texnologiyaların öyrənilməsi və istehsal üzrə təlimlər keçirilib.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr diplomatın diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqda böyük maraq oyadıb.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatın türbəsi ilə tanışlıq da səfirdə xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.

Xan sarayında olarkən Vey Cinhuaya məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.

Qonaq Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə maraqlanıb. Burada 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 350 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil edilib. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Naxçıvan Muxtar Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.