İQTİSADİYYAT


Çinin Jiangxi əyaləti ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC 

Oktyabrın 28-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çinin Jiangxi əyalətinin kənd təsərrüfatı departamentinin məsul işçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyinin Çinin Jiangxi əyaləti ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini Çin ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə əminliyini bildirib.

İ.Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. O, Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətini nəzərə çatdırıb.

Nazir müavini cari ildə Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çindən barama toxumu alındığını və yaxın günlərdə dost ölkədən 1 milyon 600 min tut ağacı tinginin ölkəmizə gətiriləcəyini qeyd edib.

İlham Quliyev Çinin aqrar sahədə geniş təcrübəsini nəzərə alaraq, Jiangxi əyalətinin iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əlverişli investisiya mühitinin olduğunu bildirib.

Nazir müavini Jiangxi əyalətinin iş adamlarını hər il mayın sonunda Azərbaycanda ənənəvi olaraq keçirilən kənd təsərrüfatı sərgisinə dəvət edib. Əyalətin baramaçılıq, çəltikçilik və çayçılıq sahəsində inkişaf etdiyini nəzərə alaraq, bu sahələrdə əməkdaşlığa önəm verdiyini qonaqların diqqətinə çatdırıb.

Çinin Jiangxi əyalətinin kənd təsərrüfatı departamentinin baş məsləhətçisi Çen Rivu əyalətin əsasən çəltikçilik, çayçılıq, baramaçılıq, meyvəçilik və balıqçılıq sahəsində ixtisaslaşdığını bildirib. O, Jiangxi əyalətinin Azərbaycanla aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və bu əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib.

Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.