İQTİSADİYYAT
Çinin “Kerui” şirkəti “Xəzər Neft və Qaz” sərgisində yeni partnyor axtarır
Bakı, 3 iyun, AZƏRTAC
Çinin “Kerui” şirkəti Bakıda keçirilən XXIV Beynəlxalq Neft və Qaz sərgisində yeni partnyor axtarır.
“Bakıda keçirilən sərgilərdə üç dəfə iştirak etmişik və təşkilatçılara göstərdikləri kömək və xidmətə görə təşəkkürümüzü bildiririk. Ölkənizin iqtisadiyyatının, xüsusilə də neft-qaz sənayesinin inkişafını müşahidə edərək, bu gün burada neft-qaz hasilatını artırmaq üçün yeni texnologiyalar, neft servisi sahəsində xidmətlər təklif edirik. Maraqlı insanlarla tanış olmaq, öz biznesimizi daha da inkişaf etdirmək üçün yeni əlaqələr qurmaq niyyətindəyik”. AZƏRTAC bildirir ki, bunu “Kerui” şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Çan Sinçen deyib.
O bildirib ki, şirkət Çinin Tuin şəhərində yerləşir və 2001-ci ildə təsis edilib. Hazırda dünyanın müxtəlif ölkələrində şirkətin 50-dən çox filialı, 8000 nəfərdən artıq tam ştatlı əməkdaşı var. Şirkətin üç əsas fəaliyyət istiqaməti var: neft-qaz avadanlıqlarının istehsalı, neft xidmətlə və obyektlərin tikintisi. Yanacaqdoldurma məntəqələri və neftayırma zavodları inşa edən şirkət 2013-cü ildə Bakıda öz filialını açıb. “Biz ötən dörd il ərzində burada bir sıra kompleks avadanlıqlar, qazma qurğuları üçün ehtiyat hissələr və boruların tədarükünü həyata keçirmişik. SOCAR bizim şirkətin tərəfdaşıdır. Neft böhranı artıq geridə qalıb və biz əminik ki, indi operatorlar neft-qaz hasilatının həcmini artıracaqlar və buna görə də hər kəs Azərbaycanda bu sahənin gələcək inkişafının şahidi olacaq”, - deyə Çan Sinçen bildirib.