SİYASƏT


Çinin SİNXUA agentliyi Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı fikirlərinə geniş yer ayırıb

Bakı, 14 iyun, AZƏRTAC

Çinin SİNXUA agentliyi Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi ilə bağlı AZƏRTAC-ın informasiyasını yayıb.

SİNXUA Prezident İlham Əliyevin görüşdə İslam həmrəyliyi ilə bağlı çıxışından fikirlərə geniş yer ayırıb. Dövlətimizin başçısının “Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik” fikri xüsusilə qeyd edilib.

“Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir.

Agentlik Azərbaycan Prezidentinin İslam Həmrəyliyi Oyunları barədə fikirlərini də oxucuların diqqətinə çatdırır: “İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.