ELM VƏ TƏHSİL
Çinin ən nüfuzlu ali məktəbi UNEC-i etibarlı və faydalı tərəfdaş hesab edir
Bakı, 23 avqust, AZƏRTAC
Çinin Dongbei Maliyyə və İqtisadiyyat Universiteti Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) etibarlı və faydalı tərəfdaş hesab edir və bu ali təhsil müəssisəsi ilə ikitərəfli əməkdaşlıqda maraqlıdır.
Bu fikir Dongbei Maliyyə və İqtisadiyyat Universitetinin nümayəndəsi Pərvanə Kazımovanın UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov ilə görüşündə səsləndirilib.
UNEC-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki universitetin gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, Liaonin təqaüdlərinin verilməsi haqqında razılıq əldə olunub.
Dongbei Maliyyə və İqtisadiyyat Universiteti Çinin iqtisadyönümlü ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin fəaliyyəti iqtisadiyyat, menecment, hüquq və elm sahələrini əhatə edir. Burada doktorantura üzrə 42 proqram, 72 magistratura, MBA, MPA, MPAcc, JM proqramları və bakalavr üzrə 31 proqram fəaliyyət göstərir. Universitetin Böyük Britaniya, Almaniya, Koreya, Yaponiya, Kanada, Avstraliya, İrlandiya və Avstriya ilə mübadilə proqramları var.