ORDU
Çinin hərbi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əlaqələr Bürosunun rəisi, kontr-admiral Quan Yufeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Nazirliyində və Hərbi Dəniz Qüvvələrində görüşlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan tədbirdə qonaqlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edən, general-mayor Fuad Məmmədovla görüşüblər.
Hərbi Dəniz Qüvvələrini ziyarət edən qonaqlar bazanın ərazisi ilə tanış olduqdan sonra komandanın vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə müzakirələr aparıblar.
Görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.