REGİONLAR
Çinin nüfuzlu “CCTV-4” kanalının çəkiliş qrupu Naxçıvan Dövlət Universitetində
Naxçıvan, 9 avqust, AZƏRTAC
Çinin nüfuzlu “CCTV-4” kanalı ənənəvi “Homeland, Dreamland” (“Vətən - xəyallar ölkəsi”) səyahət verilişinin növbəti sayının çəkilişi üçün Azərbaycanı seçib. Naxçıvan Muxtar Respublikasının qonağı olan çəkiliş qrupu Naxçıvan Dövlət Universitetinə (NDU) də gəlib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin tədris işləri üzrə prorektoru Surə Seyid qonaqlara 50 illik yubileyini qeyd edən universitetin tarixi inkişaf yolu və beynəlxalq əlaqələri haqqında məlumat verib. Vurğulanıb ki, 300 xarici tələbənin təhsil aldığı NDU-da 6 minə yaxın tələbə kontingenti var. Ali təhsil ocağında 12 fakültə üzrə 58 ixtisas mövcuddur.
Prorektor elektron qaydada təşkil olunan imtahan prosesi haqqında da söz açıb.
Qonaqlar imtahan keçirilən otaqlarda olub, İKT mərkəzinin iş prinsipi ilə maraqlanıblar. Çəkiliş qrupunun üzvləri media mərkəzi, universitet televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyətindən, universitetdə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Kanalın rejissoru göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.
Sonra “Huawei” şirkətinin xətti ilə Çin Xalq Respublikasında təcrübə keçən tələbələrlə görüş olub.