ELM VƏ TƏHSİL
Çinin nümayəndə heyəti BDU-da
Bakı, 24 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Çinin Asiya və Afrika Konfutsi institutlarının fəaliyyəti üzrə direktorunun müavini Şao Xu Bo, eyni zamanda, Hanban və Anhui Universitetinin nümayəndə heyəti ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor rəhbərlik etdiyi ali məktəbdə Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Akademik institutun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası ilə birgə təsdiqlənmiş iş planına əsasən müxtəlif səpkili elm, təhsil, mədəniyyət tədbirlərin, o cümlədən ildə iki dəfə çin dilini bilmə səviyyəsini təsdiqləyən beynəlxalq səviyyəli imtahanların keçirdiyini söyləyib. Qeyd olunub ki, hazırda universitetin çin dili və ədəbiyyatı üzrə məzunlarından biri Pekin Xarici Dillər Universitetində doktorantura təhsili alır, bir nəfər magistr dərəcəsi alıb, 41-i Çinin Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə bu ölkənin müxtəlif universitetlərində təcrübə keçib, 10 nəfəri isə Çinin Bakıdakı şirkətlərində işlə təmin olunub.
Nümayəndə heyətinin rəhbəri Şao Xu Bo səmimi görüş üçün universitetin rəhbərliyinə təşəkkür edib. Qonaq BDU ilə Konfutsi ınstitutlarının sıx əlaqələr qurduğunu, bu əməkdaşlığın gündən-günə genişləndiyini diqqətə çatdırıb, humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsində və tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını bildirib.
Daha sonra qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.