İQTİSADİYYAT
Çinli iş adamları Qaradağ rayonunda fəaliyyət göstərən sənaye və emal müəssisələri ilə tanış olublar
Bakı, 3 dekabr, AZƏRTAC
Çinin Çunçinq şəhərinin Çuzulunpo rayonunda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, tikinti, kənd təsərrüfatı, reklamçılıq, maşınqayırma və turizm sahələrində fəaliyyət göstərən bir qrup iş adamı Azərbaycana səfəri çərçivəsində Bakı şəhərinin Qaradağ rayonunda ikitərəfli işgüzar görüşlər keçirib, ölkəmizdə və rayonda fəaliyyət göstərən bir sıra iri sənaye və emal müəssisələrinin istehsal fəaliyyəti ilə tanış olub.
Əvvəlcə iş adamları rayonun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində olublar. Qonaqlara Ümummilli Liderin həyatı, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat verilib.
Həmin gün çinli iş adamları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə görüşüblər.
Görüşdə Qaradağ və Çuzulunpo rayonları arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında memorandumun əhəmiyyəti, perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qonaqlar ölkəmizin, o cümlədən Qaradağ rayonunun iqtisadiyyatı və zəngin sənaye potensialı haqqında məlumatlandırılıblar.
Çin nümayəndə heyətinin rəhbəri Çen Kay bildirib ki, səfərin əsas məqsədi ölkə iqtisadiyyatı ilə, xüsusilə sənaye, tikinti, kənd təsərrüfatı, emal və turizm sektoru ilə yaxından tanış olmaq, Azərbaycan iqtisadiyyatına sərmayələrin cəlb edilməsi imkanlarını araşdırmaq, qüvvədə olan mövcud qanunvericilik bazası və son illərdə sahibkarlığın inkişafına dair Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində tətbiq edilən xüsusi güzəşt və imtiyazlara dair məlumatlar əldə etməkdir. O, yaxın gələcəkdə ölkəmizdə sənaye, tikinti, kənd təsərrüfatı, maşınqayırma və turizm sahələrinə, o cümlədən motosiklet və kiçik tutumlu yük maşınları, müasir meyvə-tərəvəz, tingçilik və gülçülük istixanaları, yaşayış binalarının və sərgi mərkəzinin tikintisi, neft sənayesində istifadə olunan avadanlıqlar zavodu və dəri ayaqqabı istehsalı sahələrinə investisiyaların yatırılmasında, həmçinin təbii meyvə şirələrinin və şərab məhsullarının ixracında maraqlı olduqlarını bildirib və bu məqsədlə davamlı şəkildə birgə əməkdaşlığın aparılmasının zəruriliyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş diskussiyalar aparılıb və təqdimatlar həyata keçirilib.
Bu kimi qarşılıqlı görüşlərin davam etdirilməsi, investisiya layihələrinin araşdırılması və gələcəkdə ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sektoruna sərmayələrin cəlb olunası istiqamətində tədbirlərin davam etdirilməsi qərara alınıb.