REGİONLAR
Çinli mütəxəssis Ağdamda ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə tanış olub
Ağdam, 17 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İpəkqurdlarının bəslənilməsi prosesinin gedişində qarşıya çıxan problemlərin həllinə kömək göstərmək üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bölgələrdə kümçülərlə görüşlər keçirilir, onlara ipəkqurdlarının bəslənilməsinə dair tövsiyələr verilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Saleh Zərbəliyev və Çin Xalq Respublikasından gəlmiş mütəxəssis Li Çi Em Ağdam rayonunda ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə yerində tanış olublar. İpəkqurdlarının yemlənməsi vəziyyəti və şəraiti ilə tanışlıq zamanı müəyyən edilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından götürülmüş ipəkqurdlarının hamısı kəndlərdə barama yetişdirilməsi sahəsində təcrübəli, yemləmə otaqlarının təşkili üçün zəruri şəraitə və yem tədarükü imkanlarına malik kümçülər arasında paylanılıb. Rayonda ipəkqurdlarının yemləndirilməsində ciddi problemlərin olmadığı, yolların kənarında və həyətyanı sahələrdə kifayət qədər tut (çəkil) ağaclarının mövcudluğu müəyyən edilib. Bundan başqa, ipəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 40 min ədəd tut tingi əkilib.
Mütəxəssislər tərəfindən yerlərdə kümçülərə ipəkqurdlarının bəslənilməsinə dair zəruri tövsiyələr verilib.
Qeyd edək ki, ötən il Ağdam rayonunda 2450 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 15 ton barama istehsal etmək nəzərdə tutulub və bunun üçün Qax Damazlıq İpəkçilik Stansiyasından 300 qutu (5700 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 120-dən çox ailəyə ödənişsiz olaraq paylanılıb. Hazırda rayonda ipəkqurdlarının bəslənməsi davam edir.