REGİONLAR
Çinli mütəxəssis: Bəslənilən ipəkqurdları 2-3 günə barama sarımağa başlayacaq VİDEO
Qazax, 25 may, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda gəlirli sahələrdən olan baramaçılığa maraq artmaqdadır. Kümçülər artıq ikinci ildir ki, barama yetişdirir və yüksək məhsuldarlığa nail olurlar. Rayonda bu il baramaçılar ötən ilkindən təxminən 3 dəfə çox ipəkqurdu bəsləyirlər.
Kümçü Xədicə Mehdiyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “120 qram ipəkqurdu götürmüşük. 300 kiloqram barama təhvil verməli olsam da, 450-500 kiloqram məhsul əldə edəcəm.”
Bu günlərdə çinli mütəxəssis Li Çiliang və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Qazaxda bir neçə kənddə kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti ilə maraqlanıblar.
Çinli mütəxəssis deyib: “Bir neçə gündür ki, buradayam, baramaların saxlanma şəraiti ilə tanış oluram. Rayon kümçüləri qurdlara yaxşı qulluq edirlər. İpəkqurdları artıq böyüyüb, 2-3 günə barama sarımağa başlayacaq. Məhsuldarlıq da yaxşıdır.”
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Saleh Zərbəliyev bildirib ki, nümayəndə heyəti Çin Xalq Respublikasından gəlmiş mütəxəssislə birgə rayonlara ezam olunub. “Tanışlıq zamanı baramaçılıq ənənələrimizin bu günədək qorunub saxlanıldığının şahidi olduq. Qazax rayonunda da baramaçılığın inkişafı üçün lazımi şərait yaradılıb”, - deyə o qeyd edib.
Qazax rayonunda baramaçılığın inkişafı məqsədilə yem bazasının yaxşılaşdırılması istiqamətində də işlər görülməkdədir. Belə ki, ötən il Çindən gətirilən 20 min tut tingi əkilib. Mütəxəssislər tut bağına da baxıb, tövsiyələrini veriblər.
Qeyd edək ki, rayonda ötən il 30 qutu ipəkqurdu yetişdirilmişdisə, bu il onların sayı 100-ə çatdırılıb. Ötən il 1500 kiloqram məhsul istehsal edilib, bu il isə 5000 kiloqram barama gözlənilir.