ELM VƏ TƏHSİL
Çinli şagirdlər ölkələrində Azərbaycanın tolerantlığını təbliğ edəcəklər
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ölkəmizdə olmaqdan məmnundurlar. ADU-da yay məktəbinin iştirakçısı olan çinli şagirdlər universitetin Çin dili üzrə təhsil alan tələbələrinə bu dili tədris etməklə yanaşı, ölkələrinin tarix və mədəniyyətini, kulinariyasını təbliğ edirlər.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, yay məktəbinin belə iştirakçılarından biri də Ye Zipengdir. Yay məktəbində tələbələrlə ünsiyyət qurmağın onun üçün maraqlı olduğunu vurğulayan Y.Zipeng deyib: “ADU-da tələbə və müəllimlərlə həm Çin, həm də Azərbaycan dilində ünsiyyət qurmaq mənə çox maraqlıdır, eyni zamanda, tələbələrə Çin mədəniyyətini təbliğ etmək də çox gözəl təsir bağışlayır”.
Çin dilinin daha səmərəli şəkildə öyrənmək baxımdan ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun əhəmiyyətini vurğulayan Çin dili müəllimi Ji Hua da fikirlərini bölüşüb: “ADU-da təhsil alan tələbələr Çin dilini, mədəniyyətini və tarixini bizim vasitəmizlə əyani surətdə öyrənmək imkanı əldə ediblər. Mən onlara Çin tarixini öyrətməkdən məmnunam. Çünki tariximizi bilmək hamımızın borcudur. Tarixi məkanlara xüsusi marağım olduğu üçün əvvəlcə Azərbaycanın tarixi məkanlarını gəzmək istəyirəm”.
Yay məktəbinin digər iştirakçısı Li Yufe isə təəssüratlarını bu cür ifadə edib: “Tələbələrə Çin oyunları, musiqi sənəti və rəssamları haqqında məlumat vermək mənim üçün maraqlıdır. Çin musiqisinin nümunələrini tələbələrlə birgə ifa etməyi daha çox sevirəm. ADU-da yeni dostlar qazandığım üçün şadam”.
Ümumiyyətlə, ADU mühitinin hələ uzun müddət xatirələrində iz qoyacağını deyən çinli şagirdlər Azərbaycan mətbəxinin təamlarını dadmaq fürsəti qazandıqlarını, Qız qalası, İçərişəhər və digər tarixi abidələri ziyarət etməklə ölkələrimiz arasında bənzər və fərqli cəhətləri tapmağa çalışdıqlarını diqqətə çatdırıblar.
ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov yay düşərgəsinin bu ali təhsil ocağında ənənəvi olaraq keçirildiyini bildirib. Qeyd edib ki, qədim zamanlardan bəri Böyük İpək Yolu vasitəsilə Azərbaycan ilə Çin arasında tarixi və mədəni əlaqələr mövcud olub. Yay məktəbinin təşkilində məqsəd təkcə tələbələrə Çin dilini öyrətmək deyil, həm də çinli şagirdlərin ADU-da yeni dostlar qazanıb Azərbaycanı daha yaxından tanımalarına şərait yaratmaqdır. Burada çinli şagirdlər Azərbaycanın tolerant və multikultural dəyərlərə sahib olduğunu müşahidə edirlər. Onlar ölkələrinə qayıdan zaman Azərbaycanı bu istiqamətdə təbliğ edəcəklər.