CƏMİYYƏT
Çirkli hava ürək-damar xəstəlikləri riski yaradır
Bakı, 4 iyul, AZƏRTAC
Çirkli hava qanda “yaxşı” xolesterinin səviyyəsini aşağı salır. Bu barədə ABŞ-dan olan həkimlər xəbərdarlıq edirlər.
AZƏRTAC Rusiyada nəşr olunan “AiF Zdorovye” qəzetinə istinadla xəbər verir ki, yüksək sıxlıqlı lipoproteinlərdən ibarət “yaxşı” xolesterin ürək-damar xəstəlikləri riskini azaldır. Havanın çirklənməsi, xüsusən də avtomobillərin tüstüsü orqanizmdə “yaxşı” xolesterinin azalmasına səbəb ola bilər.
Tədqiqatda yol hərəkətinin sıx və havanın zəhərlənmə səviyyəsinin yüksək olduğu rayonlarda yaşayan orta və aşağı yaş qrupundan 600 könüllü iştirak edib. Alimlər il ərzində texniki karbonun yüksək səviyyəsinin təsirinə məruz qalanların orqanizmində “yaxşı” xolesterinin yığımının azaldığını müşahidə ediblər. Tədqiqatçıların fikrincə, şəhərlərdə yaşayanlar B qrupu vitaminləri qəbul etməlidirlər. Çünki onun qəbul edilməsi orqanizmi çirkləndirən maddələrin vurduğu zərərin təsirini azaldır.