CƏMİYYƏT


Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

Bakı, 24 may, AZƏRTAC

Orqanizm üçün gərəkli giləmeyvələrdən olan və mövsümü olaraq tələbat artan çiyələyin istehlakı zamanı bir sıra məsələlərə diqqət edilməlidir.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, çiyələk qeyri-həqiqi giləmeyvələr qrupuna daxil olub yabanı halda meşə ətrafında bitir, mədəni halda isə müxtəlif növləri becərilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, çox faydalıdır. Çiyələyin tərkibində şəkər, üzvi turşu, vitaminlər, pektin maddələri və s. vardır. Çiyələk orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır, həzmolmanı asanlaşdırır, qaraciyərin iltihabını aradan qaldırır, avitaminoz xəstəliyinə qarşı yaxşı təsir göstərir. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib öd yolları, böyrək xəstəlikləri zamanı istifadə edilir.

İstehlakçılar çiyələyin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır. İstehlakçıya keyfiyyətli halda çatdırılmasında onun qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu məhsulun qablaşdırıldığı tara keyfiyyətcə standartlara uyğun olmalıdır. Çiyələk qablaşdırılan taralar möhkəm, təmiz, quru olmalı, kənar qoxu verməməlidir. Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir.

Çiyələyin qablaşdırıldığı taralar mütləq markalanmalıdır. Markalanmada onun xalis və tara ilə çəkisi, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır.

Çiyələk alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki çiyələk onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Çiyələyi ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyə olunur.

Saхlanma müddətinə görə çiyələk qısa müddətə saхlanıla bilən giləmeyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saхlamaq olar.

Ticarət şəbəkələrindən çiyələk alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmamasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan məhsul içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.

Çiyələk müxtəlif irilikdə və formada olur. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən və kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.

Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz olanlara, kiçik ölçülü, xırda meyvələrə üstünlük verin. Çünki onların süni yetişməsi üçün nitropreparatları işlənir və həmin dərmanlar daha çox böyük ölçüdə olan meyvələrə toplanır. Antisanitar şəraitdə satılan çiyələk almayın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.