İDMAN
Çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatının finalçıları müəyyənləşib
Oktyabrın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında keçirilən çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatının finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 50 min manat olan yarışda mayın 2-dən 7-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutan komandaları mübarizə aparır.
Yarımfinal çərçivəsində “Polad” və “Ağdam” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” minimal hesablı qələbə qazanıb – 1:0.
Digər oyunda “Sərhədçi” və “Balakən” kollektivləri üz-üzə gəliblər. “Sərhədçi”nin üstünlüyü şəraitində keçən görüşdə komanda “Balakən”in qapısından 7 cavabsız top keçirib. Beləliklə, çempionatın oktyabrın 25-də təşkil olunacaq final mərhələsində “Polad” və “Sərhədçi” komandaları qarşılaşacaqlar.
Çövkən yarışında hər komanda biri ehtiyat olmaqla altı oyunçudan ibarətdir. Oyunçulardan ikisi müdafiəçi, üçü isə hücumçu funksiyasını yerinə yetirir. Komandaların üzvləri yalnız milli geyimdə meydana çıxa bilərlər. Geyimlər müəyyən elementlərlə fərqlənməlidir.
Görüş hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarətdir. Qarşılaşmanın birinci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdikdə qalib komandanı müəyyənləşdirmək məqsədilə görüşün əsas vaxtına hər biri 5 dəqiqə (final qarşılaşmasında 10 dəqiqə) olan iki hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda komandalar 11 metrlik beş zərbə yerinə yetirirlər. Hesab yenə bərabər olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.