REGİONLAR
Çövkən oyunu üzrə Prezident Kuboku uğrunda yarışların çox maraqlı keçəcəyi gözlənilir
Şəki, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 18-də Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışların rəsmi açılış mərasimi keçiriləcək. Builki yarışlarda respublikamızın 13 rayonunu və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır. Artıq yarışların çox maraqlı və gərgin keçəcəyi heç kimdə şübhə doğurmur. Çünki komandaların hamısı Prezident Kubokuna iddialıdır. Yarışların ötənilki qalibi Bakının “Sərhədçi” komandası da, ötən il ikinci yeri tutan Ağcabədi təmsilçiləri də, yarımfinalçılar “Polad” komandası və Balakən atçıları da bu yarışda qalib gəlmək arzusundadırlar. Bir sözlə, bizi çox maraqlı oyunlar gözləyir.
Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərov dekabrın 17-də Şəkidə başlanan çövkən milli oyunu üzrə yarışın ilk günündə AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
Nazirliyin rəsmisi bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycan xalqının atüstü milli oyunlarının qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənclərdə atüstü milli oyunlara marağın oyadılması və kütləviliyinin artırılması məqsədi daşıyır.
Cavanşir Cəfərov bildirib ki, yarışda iştirak edən komandaların sayının ildən-ilə artması çox yaxşı haldır. İlk vaxtlar yarışlarda 6-8 komanda iştirak edirdisə, indi onların sayı 16-ya, bəzi illərdə isə hətta 20-dək gəlib çatıb. Builki yarışlarda respublikanın şimal bölgəsində yerləşən Xaçmaz rayonunun komandasının da iştirak etməsi yarışların coğrafiyasının ildən-ilə genişləndiyini bir daha göstərir.
C.Cəfərov ənənəvi olaraq hər il keçirilən bu yarışlarda iştirak etmək arzusunda olan digər rayonlara da komandaların təşkili ilə bağlı nazirlik tərəfindən hər cür kömək göstəriləcəyini bildirib.