İDMAN
Çövkən oyunu üzrə üçüncü Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında keçirilən çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatının yarımfinalçıları oktyabrın 23-də müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 50 min manat olan yarışda mayın 2-7-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk yeri tutan “Sərhədçi”, “Ağcabədi”, “Polad”, “Balakən”, “Ağstafa”, “Ağdam”, “Laçın”, “Şəki” və “Kövsər” komandaları mübarizə aparır.
Turnirin ikinci günü ilk oyun “Ağcabədi” və “Polad” komandaları qarşılaşmalı idi. Ancaq “Ağcabədi” komandası yarışa gəlmədiyi üçün ona texniki məğlubiyyət verilib və “Polad” kollektivi yarımfinala yüksəlib.
Digər oyunda “Ağstafa” və “Sərhədçi” kollektivləri qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Sərhədçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, çempionatın oktyabrın 24-də təşkil olunacaq yarımfinal mərhələsində “Polad” komandası “Ağdam” ilə, “Sərhədçi” kollektivi isə “Balakən” ilə qarşılaşacaq.
Çövkən yarışında hər komanda biri ehtiyat olmaqla altı oyunçudan ibarətdir. Oyunçulardan ikisi müdafiəçi, üçü isə hücumçu funksiyasını yerinə yetirir. Komandaların üzvləri yalnız milli geyimdə meydana çıxa bilərlər. Geyimlər müəyyən elementlərlə fərqlənməlidir.
Görüş hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarətdir. Qarşılaşmanın birinci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdikdə qalib komandanı müəyyənləşdirmək məqsədilə görüşün əsas vaxtına hər biri 5 dəqiqə (final qarşılaşmasında 10 dəqiqə) olan iki hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda komandalar 11 metrlik beş zərbə yerinə yetirir. Hesab yenə bərabər olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.