MƏDƏNİYYƏT


Çövkən və ya Azərbaycan polo oyunu

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan atçılığın qədim vaxtlardan inkişaf etdiyi ölkələrdən biridir. At üstündə milli oyunlardan biri olan çövkən (bu oyunun adı “çovqan”, “çövkan” və “çövkən” kimi də yazılır, biz məhz “çövkən” adından istifadə edəcəyik) bu diyarda hələ eramızdan əvvəl yaranıb və nəsillərdən nəsillərə keçərək, zəmanəmizə gəlib çatıb. Çövkən komanda ilə oynanılan ilk oyun kimi qonşu ölkələrdə də geniş yayılıb. Çövkən ta qədimdən kübarların oyunu hesab edilirdi və ayrıca meydanda keçirilirdi. Bunun üçün xüsusi olaraq öyrədilmiş atlardan istifadə edilirdi. Çövkən yarışlarında şah ailəsinin nümayəndələri də iştirak edirdilər. Təəccüblü deyil ki, çövkən bütün dünyada geniş yayılmış, “şahların oyunu və oyunların şahı” sayılan müasir polo oyununun əcdadı hesab edilir. Bu oyunun Avropada və bütün dünyada geniş yayılmasında və inkişafında ingilislər böyük rol oynayıblar. Belə ki, XII əsrdə İngiltərəyə gətirilmiş çövkən oyunu getdikcə məşhurlaşır, yeni qaydaların tətbiqi isə bu oyunun Avropada və Amerikada sürətlə yayılmasına imkan yaradırdı.

Məhz ingilislərin təşəbbüsü ilə bu oyun indiki adını (at polosu) alıb və 1900-cü ildə Parisdə keçirilmiş II Olimpiya Oyunlarının proqramına daxil edilib.

Əfsanənin yaranması

At oyunları idman yarışları kimi qeyri-adi dərəcədə baxımlı və maraqlıdır. Qədim zamanlarda müxtəlif ölkələrdə atların iştirakı ilə keçirilən oyun növləri vardı, amma bu oyunlardan hər birinin hədəfi – oyunçular arasında ən güclü, ən çevik olanı və ən başlıcası, – atla mükəmməl qarşılıqlı anlaşmanı tapa bilən şəxsi aşkar etmək idi.

Çövkən oyunu hər biri 6 süvaridən ibarət olan iki komanda arasında keçirilir. Oyunçular uzunluğu 1,5 metr olan “klyuşka”lar (çövkənlər) vasitəsilə kiçik taxta topu rəqibin qapısına vurmağa çalışırlar.

“Çövkən” sözünün bir neçə mənası var. Bu oyunun adı türk mənşəli “çovutmaq” və “cövlan” sözləri ilə bağlıdır. “Çovutmaq” sözünün bir mənası - əl ağacını yelləyərək vurmaq, digər mənası – boran, tufan kimi izah edilə bilər. Yəni, çaparın hərəkətləri “yaxınlaşan tufan” kimi olmalıdır. “Cövlan” sözünün mənası isə atın oynaya-oynaya çapması deməkdir. Oyunun adının müxtəlif şəkildə tələffüz edilməsi həm bu oyunun qədimliyi, həm də Azərbaycanın regional dialektləri ilə bağlıdır.

Məlumdur ki, sənədli şəkildə qeydə alınmış ilk çövkən yarışı eramızın təxminən 600-cü ilində türkmanlarla farslar arasında keçirilən və birincilərin qələbəsi ilə başa çatan matç olub. Çövkən oyunu üzrə ilk beynəlxalq yarışlar isə XII əsrdə İslam dünyasının o vaxt ki, mədəniyyət paytaxtı sayılan Bağdad şəhərində Orta Şərq çaparları arasında keçirilib.

 Bütün dövrlərin oyunu 

Çövkən oyununun fraqmentləri təsvir edilən rəsmləri qayalarda, qəbirüstü daşlarda, məişət əşyalarının üzərində görmək olar. Beyləqan rayonunun ərazisində Örənqala qalasında arxeoloji qazıntılar zamanı tapılmış qabların üzərində Çövkən oyununun fraqmentləri təsvir edilib. Bu fakt inandırıcı şəkildə sübut edir ki, artıq III-V əsrlərdə bu oyun Qarabağ zonasında geniş yayılmışdı. 

Çövkən oyunu “Kitabi Dədə Qorqud” eposunun boylarında da tez-tez xatırlanır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin baş qəhrəmanları Xosrov və Şirin çövkən oynayırlar. Bu isə onu göstərir ki, bu oyunu həm kişilər, həm də qadınlar oynayırdılar. Qədim Azərbaycan miniatürlərində bu oyunun səhnələrinin çoxsaylı təsvirləri, ilk yazılı mənbələrdə oyun qaydalarının təsviri və inkişafı onun qədim Azərbaycan oyunu olduğunu göstərən daha bir sübutdur.

2013-cü il dekabrın 3-də Bakıda YUNESKO-nun qeyri-maddi mədəni irsinin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilib. Həmin sessiyada Azərbaycanda Qarabağ atları üstündə keçirilən ənənəvi çövkən oyunu Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısına daxil edilib. 

Hər şey qayda üzrə olmalıdır 

Çövkən oyunu iştirakçılardan şəxsi bacarıqla yanaşı, həm də yaxşı at sürmək, manevrlər etmək bacarığı və diqqətli olmağı tələb edir. At orta boylu, möhkəm bədən quruluşlu, cəld və gözəl olmalı, vəhşi və aqressiv olmamalıdır. Bu baxımdan Qarabağ atları çövkən oyunu üçün ideal dərəcədə münasibdirlər.

Oyun təxminən 200 x 120 metr ölçülü, ot örtüklü hamar meydançada keçirilir. Meydançanın əks tərəflərində eni təxminən üç metr olan qapılar və uzunluğu 6 metr olan cərimə xətti ilə əsas meydançadan ayrılan yarımdairə şəklində cərimə meydançaları qurulur. Atlıların cərimə xəttini keçməsi qadağandır. Çövkən oyununu qapıçı ilə də oynamaq mümkündür. Bu halda qapıların eni 7 metr, cərimə xəttinin uzunluğu isə 4 metr olur.

Oyunda iştirak edənlər hərəsi 5-6 oyunçudan ibarət olan iki komandaya bölünür. Bir oyunçu və onun atı ehtiyat saxlanılır. Oyunçuları bir-birindən fərqləndirmək üçün hər komandanın oyunçuları müxtəlif rəngli forma geyinirlər.

Oyun meydanın mərkəzindən başlanır və vurulmuş hər qoldan sonra oyunçular yenidən həmin yerə gəlirlər. Matç hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarətdir və hissələr arasında 10 dəqiqə fasilə olur. Fasilədən sonra komandalar qapıları dəyişirlər.

Oyunçular milli forma – papaq, çuxa, atın belində rahat oturmaq üçün geniş balaqlı şalvar, uzun qunclu yüngül ayaqqabı geyinirlər. Onlar yüngül ağacdan hazırlanmış eyni uzunluqlu çomaqlardan istifadə edirlər. Oyunda diametri 13-15 santimetr olan taxta və ya rezin topdan istifadə olunur.

Topu qapıdan keçirmək məqsədilə ona cərimə meydançasından vurulan zərbə hesaba alınmır. Zərbə nəticəsində meydanın oyun sahəsinin yan xəttindən kənara çıxmış toplar (aut) oyuna rəqib komandanın oyunçuları tərəfindən qaytarılır. Çövkəndə hakim adətən oyunu at üstündə izləyir. Ona meydanın yan xətlərində duran iki hakim kömək edir. Oyunçulara qadağan edilir: ayırıcı xətti keçmək və oradan topu vurmaq, cərimə meydançasının xəttini keçmək, atları gedişdən salmaq (məcbur etmək), atları və atlını “klyuşka” ilə vurmaq.

Qaydaların pozulmasına, başqa iştirakçılarla kobud rəftara görə qorunmayan qapıya cərimə zərbəsi və ya oyunçuların müəyyən vaxt ərzində, hətta oyunun sonuna qədər meydandan çıxarılması şəklində cəza təyin olunur.

Hansı komanda daha çox top vursa, həmin komanda qalib gəlir. 

Qarabağ atları – çövkən çempionları 

Azərbaycanın ən məşhur milli cinsi, yəqin ki, Qarabağ qaçağanlarıdır. Bu cinsin vətəni Qarabağ olsa, onlar demək olar ki, Azərbaycanın bütün ərazisində geniş yayılıb və ölkəmizin bütün regionlarında əla inkişaf edir. Qarabağ atları milli irsimizin rəmzi və azərbaycanlıların qürurudur. Çövkən oyununda əsasən məhz bu atlardan istifadə olunur.

Qarabağ cinsi dünyada ən qədim at cinslərindən biri hesab edilir. Bu cinsdən olan atlar dəqiq və sürətli hərəkətləri, ahəngdar bədən quruluşları ilə fərqlənir. Məhz bunun sayəsində Qarabağ cinsinin nümayəndələrini xalq folklorunda çox vaxt cüyür və ya ceyranla müqayisə edirdilər. Müasir Qarabağ atları süysündə hündürlüyü təxminən 144-154 santimetr, boynu orta uzunluqlu, başı kiçik, əzələləri yaxşı inkişaf etmiş, sinəsi dərin və geniş olan kiçik heyvanlardır. Qarabağ atlarının ayaqları və dırnaqları möhkəm, amma qısadır. Qarabağ çapağanları sakit xasiyyətli və mehriban heyvanlardır. Bu atların fərqləndirici xüsusiyyəti onların “qızıl şəfəq” deyilən xüsusi qızılı rəngdə olmasıdır. Dağlıq və dərə-təpəli ərazidə asanlıqla hərəkət etmək qabiliyyəti tarixən Qarabağ atlarının fərqləndirici xüsusiyyəti olub.

Bu cinsin ən tipik nümayəndələri Ağdam at zavodunda yetişdirilir. Bu zavod da öz növbəsində Qarabağ cinsinin nüvəsi hesab edilir. Lakin hazırda Ağdam Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazisində olduğuna görə bu təsərrüfatdakı bütün atlar Ağcabədi rayonuna təxliyyə edilib və “Lemberan” qış otlaqlarında yerləşdirilib.

Hazırda Qarabağ atlarından daha çox cıdır yarışlarında istifadə edirlər. Bu atlar müstəsna sürətləri ilə məşhurdur. Məsələn, 2004-cü ildə Ağdam rayonundan olan atlardan biri 1000 metr məsafəni 1 dəqiqə 9 saniyəyə qaçaraq dünya rekordu müəyyənləşdirib. 

Yaxşıların ən yaxşıları! 

2006-cı ildən başlayaraq hər ilin dekabrında Şəkidəki Atçılıq Turizm Mərkəzində çövkən oyunu üzrə Prezident Kuboku yarışları keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən bu yarışlarda Bakı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdam rayonlarını təmsil edən komandalar iştirak edirlər. Çövkən oyununa marağın artması ilə əlaqədar Prezident Kuboku yarışlarında iştirak edən komandaların sayı ilbəil artır.

Bakıda ilk dəfə polo üzrə Dünya Kuboku yarışları da 2013-cü ilin sentyabr ayında keçirilib. Argentina, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın adlı-sanlı komandaları bu idman növü üzrə ən nüfuzlu mükafatlardan birinə sahib olmaq hüququ uğrunda mübarizə aparmaq üçün Azərbaycanın paytaxtına toplaşmışdılar. Turnir çərçivəsində müasir polo üzrə yığma komanda ilə Azərbaycanın çövkən üzrə bir komandası arasında nümunəvi matç da keçirildi.

2014-cü ilin sentyabr ayında polo üzrə ikinci Dünya Kuboku yarışları təşkil edildi. “Binə” Atçılıq Mərkəzindəki yeni “Polo Arena”da keçirilən bu Kubok yarışlarında qələbə uğrunda Argentinanı, ABŞ-ı təmsil edən komandalar, həmçinin Avropadan dörd peşəkar komanda mübarizə aparırdı. Bu yarışda ilk dəfə olaraq Azərbaycan komandası da iştirak etdi. Komandamızı bu yarışa Argentinadan dəvət olunmuş peşəkar məşqçilər hazırlamışdılar. Artıq məlumdur ki, polo üzrə üçüncü Dünya Kuboku yarışları da Bakıda keçiriləcək.

Sevindirici haldır ki, vaxtilə Azərbaycan aristokratiyasının və şah ailəsinin üzvlərinin sevimli oyunu olmuş çövkən nəinki öz aktuallığını itirmədən zəmanəmizə qədər gəlib çatıb, həm də gündən-günə daha da populyarlaşır. İnanmaq istərdik ki, həqiqətən əyləncəli olan bu yarışlar bütün dünyada özünə tezliklə daha çox pərəstişkarlar qazanacaq.

Emil Eyyubov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.