MƏDƏNİYYƏT


Çoxlarının möcüzə saydığı Yaponiya haqqında yeni və maraqlı kitab

A+ A

Bakı, 19 iyul, Abdulla Suvar, AZƏRTAC

Bu günlərdə “Tuna” nəşriyyatında nəfis tərtibatda “Eşitdiyim və gördüyüm Yaponiya” adlı yeni kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tanınmış qələm ustası Novruz Nəcəfoğlunun bu yeni kitabı azərbaycanlı oxucunun qədim və özünəməxsus tarixi olan Yaponiyanı daha yaxından tanımasına vasitəçilik edəcək.

Novruz Nəcəfoğlu imzası oxuculara yaxşı tanışdır. Müəllifin indiyə qədər çap olunmuş müxtəlif janrlı əsərləri, kitabları ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Oxuculara təqdim edilən “Eşitdiyim və gördüyüm Yaponiya” adlı bu publisistik səfər qeydləri müəllifin bir dövlət məmuru kimi adıçəkilən ölkəyə işgüzar səfəri əsasında bu janrda qələmə aldığı sayca üçüncü kitabdır. Əsərin başlıca məziyyəti ondan ibarətdir ki, Novruz Nəcəfoğlu səfərdə olduğu ölkədə təkcə gördüklərini, təəssüratlarını qələmə almaqla kifayətlənməyib, həm də Yaponiyanın uzaq-yaxın tarixi, mədəniyyəti, adət və ənənələri, bir sözlə yaponlar haqqında apardığı araşdırmalardan əldə etdiyi maraqlı faktları, məlumatları da kitaba daxil etməklə dünyanın bu inkişaf etmiş ölkəsi haqqında zəngin bilgilər verir.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin müəllifə ünvanlandığı və kitaba daxil edilən məktubunda bu yeni nəşrin Yaponiya-Azərbaycan ələqələrinin gələcək inkişafına kömək edəcəyi vurğulanır. “2014-cü ilin iyun ayında Azərbaycandan 11 icra hakimiyyəti başçısının Yaponiyaya ezam olunması, 10 gün ərzində Yaponiyanın müxtəlif bölgələrini ziyarət etmələri barədə məlumatlı idim. Nümayəndə heyətinin tərkibində olan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Nəcəfoğlunun səfər zamanı qeydə aldığı yazıların indi bu şəkildə nəşr edilməsi məni həm Yaponiyanın Azərbaycandakı səfiri kimi, həm də bir yapon vətəndaşı olaraq sevindirir”, - deyə diplomat məktubunda qeyd edib.

Bu yeni kitabın çap olunması Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin müəllifə ünvanlandığı və nəşrdə yer alan məktubunda da yüksək qiymətləndirilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu nəşr hazırlanarkən AZƏRTAC-ın materiallarından da geniş istifadə edilib.

Kitabın elmi məsləhətçisi tarix üzrə fəlsəfə doktoru, II dərəcəli dövlət müşaviri Hüseyn Mövsümov, redaktoru Seyfəddin Hüseynlidir. Azərbaycan, ingilis, yapon və rus dilində mətnlərin yer aldığı kitabdakı fotoşəkillər isə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevə məxsusdur.

Əminliklə demək olar ki, yüksək poliqrafik məziyyətləri ilə fərqlənən və Yaponiya haqda geniş məlumatları özündə əks etdirən bu kitab gündoğan ölkəni öyrənmək istəyənlər üçün maraqlı məlumat mənbəyi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.