REGİONLAR
Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi müzakirə edilib VİDEO
Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Noyabrın 24-də Gəncədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin və təsərrüfat subyektlərinin nümayəndələri və mənzil mülkiyyətçiləri iştirak ediblər.
Tədbiri açan İqtisadiyyat Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan institusional islahatlardan, bu sahənin inkişaf perspektivlərindən danışıb, mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə edilməsi və lazımi səviyyədə saxlanmasının təşkili, eləcə də sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Vurğulanıb ki, son illər müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul edilib. Bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır.
Bildirilib ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini hazırlamaq və həyata keçirilməsini təmin etmək İqtisadiyyat Nazirliyinə həvalə edilib. Bu istiqamətdə nazirlik tərəfindən müvafiq işlər görülür. Belə ki, bu sahəyə dair zəruri məlumat bazası formalaşdırılıb, həmçinin normativ-hüquqi sənədlər hazırlanıb. Mənzil fondunun yeni idarəetmə metodlarının tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görülüb. Artıq 31 mənzil mülkiyyətçisinin müştərək cəmiyyəti qeydiyyatdan keçib, 40-a yaxın kondominiumun yaradılması üzrə işlər isə davam etdirilir.
Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva mənzil fondunun idarə edilməsi sahəsində bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
İqtisadiyyat Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin əməkdaşı Rauf Xəlilov çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi mövzusunda təqdimatla çıxış edib, yeni idarəetmə metodlarının üstünlükləri barədə məlumat verib.
Çıxışlarda mənzil-kommunal sahəsində qarşıya qoyulan məqsədlərə nail olunması üçün yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkilinin, Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyəti vurğulanıb.
Bələdiyyə nümayəndələri qüvvədə olan qanunvericilik aktlarında bələdiyyələrə kifayət qədər səlahiyyətlərin verildiyini qeyd edib, yerli özünüidarəetmə orqanları tərəfindən yeni idarəetmə metodlarının tətbiqi istiqamətində görülən işləri diqqətə çatdırıblar.
Sonra mənzil fondlarının idarə olunmasına dair müzakirələr aparılıb, suallar cavablandırılıb, iştirakçılara maarifləndirici materiallar paylanılıb.