İDMAN
Çoxnövçülük idmanı üzrə FHN-in qurumları arasında keçirilən çempionatın qalibləri mükafatlandırılıb
Bakı, 24 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilən çoxnövçülük idmanı üzrə çempionata yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Respublika Olimpiya Mərkəzində təşkil olunan və iki gün davam edən çempionata 19 komandadan 80-ə yaxın idmançı qatılıb. Yüz və min metr məsafələrə qaçış, hündürlüyə, uzununa tullanma və nüvə itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında Dövlət Yanğından Mühafizə Xidmətinin, Gəncə Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin komandaları müvafiq olaraq ilk üç yeri tutublar.
Şəxsi göstəricilərə görə Elmir Əhədov (FHN-in Akademiyası), Ülvi Rəcəbli (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) və Səlahəddin Mehdiyev (Mülki Müdafiə Qoşunları) müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.
Qaliblərin mükafatlandırılması mərasimində FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək budəfəki yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. O, martda stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd edib.
Mükafatlandırma mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi növbəti soyqırımı olduğunu vurğulayıb. O, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaların tarixinə nəzər salaraq bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmayacaq, soyqırımı qurbanlarının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır.
Mehman İsmayılov qalib gələn idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.
Turnirin qalibləri diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.