REGİONLAR
Çoxşaxəli fermer təsərrüfatının uğur formulu: dövlət dəstəyi, insan zəhməti və planlı iş VİDEO
Tərtər, 30 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayon Bəyimsarov kənd sakini Habil İbrahimov təsərrüfatını çoxşaxəli istiqamətdə inkişaf etdirərək, həm heyvandarlıq, həm də bitkiçilik sahələrində uğurlu nəticələrə nail olub.
Habil İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, 2013-cü ildə 350 başlıq südlük istiqamətli heyvandarlıq kompleksi yaradıb. Tikintisi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan təsərrüfat ferma, sağımxana, yem, ot və su anbarları, silos quyusundan ibarətdir. Ferma avtomat sulama sistemi ilə təchiz edilib, səyyar yemləmə makinası və bir neçə traktor alınıb.
Hazırda kompleksdə Almaniyadan gətirilmiş 250 baş südlük istiqamətli heyvan saxlanılır ki, onlardan da 150-si sağmal inəkdir. Heyvanlardan gün ərzində sağım aparatları vasitəsilə 2500 litrə yaxın süd sağılaraq, süd emalı müəssisələrinə göndərilir.
Təsərrüfatda yeni doğulan dişi buzovlar yetişdirilərək, həm fermanın düyə ehtiyacını qarşılayır, həm də yerli təsərrüfatlara satılır ki, bu da onların cins damazlıq heyvanlarla təmin edilməsində mühüm rol oynayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir.
Müxtəlif dənli bitkiləri becərməklə kompleksin yem təminatının 70 faizini ödədiklərini deyən fermer bunun təsərrüfatın genişləndirməyə imkan yaratdığını vurğulayıb. “Təsərrüfatda heyvanların sayının 400-ə çatdırmağı, istehsal edilən südün bir hissəsini özümüz emal etməyi nəzərdə tutmuşuq”, – deyə H.İbrahimov bildirib.
Bitkiçilik sahəsində də uğurlu nəticələrə nail olan tərtərli fermer 200 hektar sahədə müxtəlif kənd təsərrüfatı məhsulları becərir. Növbəli əkinin tətbiq edildiyi təsərrüfatda taxıl, pambıq, qarğıdalı, günəbaxan, yonca əkilib, meyvə bağı salıb.
Ölkəmizdə pambıqçılığa göstərilən dövlət qayğısından ruhlanan Habil İbrahimov bu il 40 hektar ərazidə çiyid səpini həyata keçirib və yüksək çıxış əldə edib. Pambığın becərilməsində müasir texnikalardan istifadə olunur. Hazırda pambıq sahələrində aqrotexniki qulluq işləri aparılır. Becərməyə 50-yə yaxın işçi cəlb edilib. Ötən il yüksək məhsuldarlıq əldə edən fermer cari ildə də hər hektardan 40 sentnerdən yuxarı məhsul götürəcəyini deyir.
Təsərrüfatın əsasını təşkil edən bitki növlərindən biri də taxılçılıqdır. 35 hektarda taxıl yetişdirən fermer səpin zamanı “Azəri” buğda sortuna üstünlük verib. Taxılın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəlik, zərərvericilərə və alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri aparılıb. Nəticədə zəmilərdə bol məhsul yetişib. Hazırda taxıl biçini başa çatmaq üzrədir. Hər hektardan 50 sentnerdən çox məhsul əldə olunur.
Bundan başqa, təsərrüfatda 100 hektarda dənlik qarğıdalı, 10 hektarda günəbaxan, 14 hektarda yonca əkilib, 4 hektarda meyvə bağı salınıb. Becərmədə aqrotexniki qaydalara əməl edilməsi və bütün işlərin planlı şəkildə həyata keçirilməsi məhsul bolluğuna səbəb olur.
Fermer qeyd edib ki, dövlət dəstəyi, insanların zəhmətsevərliyi və planlı iş çoxşaxəli təsərrüfatın uğurlu fəaliyyətində önəmli rol oynayıb. Dövlətin qayğısını daim üzərində hiss edən fermer təsərrüfatını ilbəil daha da genişləndirir və şaxələndirir ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinə xidmət edir.