CƏMİYYƏT
Çürümüş, köhnəlmiş gilas və albalı istehlak üçün tam yararsızdır
Bakı, 5 iyun, AZƏRTAC
Quruluşuna, bioloji xüsusiyyətlərinə və digər əlamətlərinə görə çəyirdəkli meyvələr qrupuna aid olan gilas və albalı yay fəslinin çox sevilən və ləzzətlə yeyilən təamlarından hesab olunur.
Gilas və albalının tərkibində şəkər, üzvi turşular, karotin, bir sıra vitaminlər və s. maddələr var. Hazırda mədəni növləri çox olduğundan yabanı növləri öz əhəmiyyətini itirib. Gilas və albalı aprel-mayda çiçəkləyir, meyvələri iyun-iyul aylarında yetişir. Forması yumru və ya ürək şəklində olur. Qara, sarı-qırmızı, tünd qırmızı və qara-bənövşəyi rəngdə olurlar. Gilasın dadı əsasən şirin, albalının dadı isə turş və ya turşa-şirin, bəzi hallarda acı olur. Gilas albalıya nisbətən istisevən bitkidir. Bu meyvələr təzə halda yeyilir, həmçinin onlardan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Tort və kosmetik məhsulların hazırlanmasında da tətbiq edilir.
Birinci və ikinci əmtəə növünə bölünən albalının ən böyük kəsiyinin diametri iri meyvəlilərdə 20 millimetrdən, xırda meyvəlilərdə isə 15 millimetrdən az olmamalıdır.
Bu meyvələr yetişən kimi ağacdan yığılmalıdır. Əks halda quşlar və ağac qurdları tərəfindən yeyilə bilər. Bundan əlavə, onların bir çox növləri dəyərkən ağacda çox qalmayaraq tökülür. Gilas və albalını səhər tezdən ağacdan toplamaq məsləhətdir. Məhz bu zaman onlar daha yaxşı sellüloz sıxlığına malik olurlar.
Bu meyvələr mədə-bağırsaq, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunur. Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Eyni zamanda, xroniki mədə-bağırsaq xəstəliklərində, həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzimləyən vasitə kimi də bu meyvələrdən istifadə etmək faydalıdır.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, gilas və albalının istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu meyvələri qablaşdırmaq üçün yeşiklərdən, yeşik-qəfəslərdən, səbətlərdən istifadə olunur. Bu zaman ayrı-ayrı tara növləri keyfiyyətcə standartın tələbinə cavab verməlidir. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada meyvə və tərəvəzlərin növü, xalis çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir.
Bu meyvələr ticarət şəbəkələrinə qeyd olunan qablaşdırma vasitələrində olmaqla qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə üstüörtülü maşınlarla daşınmalıdırlar. Onların optimal saxlanma temperaturu 0 dərəcədir. Havanın nisbi rütubəti təxminən 80-85 faiz olmalıdır.
Keyfiyyətli gilas və albalı istehlak etmək istəyən istehlakçılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saxlanma zamanı onlarda suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir.
Bu məhsulları alarkən onların zədəsiz olmasına, ziyanvericilərin təsirinə məruz qalmamasına fikir verin. Çürümüş, köhnəlmiş gilas və albalı istehlak üçün tam yararsızdır. Ona görə də ticarət obyektlərindən bu məhsulları aldıqda qeyd olunan məsələlərə diqqət edin.
Gilas və albalının ev şəraitində saxlanması da mühüm əhəmiyyət kəsb edir. Nəzərə alın ki, hətta optimal temperaturda belə onları iki həftədən artıq saxlamaq mümkün deyil. Ehtiyacınız olduğundan artıq bu meyvələrdən almayın.