İDMAN
Çuvaş səyahətçi Azərbaycan Velosiped İdmanı Federasiyasında
Bakı, 21 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Çuvaşiya Respublikasından olan velosipedçi Nikita Vasiliyev dünya turu çərçivəsində Azərbaycana gəlib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) AZƏRTAC -a bildiriblər ki, yaşadığı Çeboksarı şəhərindən 7 ay öncə səyahətə başlayan velosipedçi 6 min kilometr məsafə qət etdikdən sonra ölkəmizə çatıb.
AVİF-in baş katibi Fərhad Əliyev ilə görüşdə Nikita Vasiliyev səfəri haqda ətraflı məlumat verib. O deyib ki, Azərbaycandan sonra Gürcüstan - Türkiyə marşrutu üzrə hərəkət edəcək və səfərini 5 aydan sonra yekunlaşdıracaq.
Rusiyalı velosipedçiyə uğurlar arzulayan Fərhad Əliyev ona Azərbaycanda velosiped idmanının inkişafı barədə məlumat verib.
Federasiya rəsmisi belə səfərlərin xalqlar və dövlətlər arasında dostluq münasibətlərinə müsbət təsir göstərdiyini bildirib.