İQTİSADİYYAT
Bakıda keçirilən “CNBC debate”da Nepaldakı vəziyyətlə bağlı geniş müzakirələr aparılıb
Bakı, 3 may AZƏRTAC
Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən “CNBC debate” panel sessiyasında Nepaldakı vəziyyətlə bağlı geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Nepalda baş verən zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün qurumun 3 milyon dollar qrant ayıracağını qeyd edib.
Takehiko Nakao bununla bağlı xüsusi işçi qrupunun yaradıldığını, BMT-nin müvafiq qurumları və digər beynəlxalq təşkilatlarla birgə işləyəcəklərini diqqətə çatdırıb. O vurğulayıb ki, cəmiyyətin üzləşdiyi problemlərin aradan qaldırılmasında əsaslı iqtisadiyyatın yaradılması və bu məsələdə bütün ölkələrin resurslarının səfərbər olunması, əhalinin bütün qrupları və təbəqələri üçün bərabər imkanların təmin edilməsi zəruridir.
Nepalın maliyyə naziri Ram Şaran Mahat ölkəsində baş verən zəlzələ nəticəsində milyonlarla insanın evsiz qaldığını söyləyib. Ölkədə tarixi abidələrin dağıntılar altında qaldığını bildirən maliyyə naziri, bu hadisənin son 80 ildə baş verən ən ağır zəlzələ olduğunu söyləyib.
Pakistanın maliyyə naziri Məhəmməd İşaq Dar ölkəsi tərəfindən Nepala ərzaq və tibbi yardım göstərildiyini söyləyib. O, qonşu ölkə olaraq Nepala hər cür kömək etməyə hazır olduqlarını vurğulayıb.
Hindistanın maliyyə katibi Raciv Mehrişi bildirib ki, dünyada sağlam cəmiyyətin formalaşdırılması üçün ekoloji amillərə diqqət artırılmalıdır. Təbii resurslardan düzgün istifadə, onların mühafizə edilməsi əsas məqsədlərdən biri olmalıdır. Təmiz texnologiyalar və “yaşıl enerji”nin vəhdəti daha çox işlə təmin etməyə və beləliklə də, daxili iqtisadi artımı daha da gücləndirməyə yönəldilə bilər.
Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılması, gənclər üçün nəzərdə tutulmuş davamlı inkişaf barədə də müzakirələr aparılıb.