MƏDƏNİYYƏT
CNN telekanalı ilə Azərbaycanın əməkdaşlığı uğurla davam etdirilir
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ABŞ-ın nüfuzlu CNN telekanalı ilə 2006-cı ildən əməkdaşlığa başlayıb. 2012-ci ildən etibarən bu televiziya kanalı ilə planlı şəkildə birgə fəaliyyət uğurla davam etdirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində həmin kanalda ölkəmizə həsr olunmuş müvafiq video çarxların, habelə verilişlərin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bu müddət ərzində ölkəmizə həsr olunmuş iki videoçarx hazırlanaraq nümayiş etdirilib. CNN-in məşhur “Eye on” verilişinin Azərbaycana həsr olunması, habelə atoz.az saytının yaradılması təmin edilib.
Bu il CNN telekanalı ilə əməkdaşlığın davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış ölkəmizin turizm imkanlarına həsr olunan 1 dəqiqəlik və 45 saniyəlik videoçarxların nümayiş etdirilməsi Azərbaycanın turizm ölkəsi kimi dünyaya tanıdılmasında mühüm rol oynayıb.
Qeyd edək ki, CNN telekanalını Avropa, Yaxın Şərq, Afrika və MDB ölkələrindən gün ərzində 182 milyon tamaşaçı izləyir və Azərbaycana dair yayımlanan həm verilişlər, həm də reklam çarxları milyonlarla auditoriya tərəfindən izlənir.
Azərbaycanın yüksək imicinin təbliğatının aparılması, ölkəmizdə həyata keçiriləcək beynəlxalq tədbirlərin işıqlandırılması və turizm imkanlarının tanıdılması baxımından növbəti 2015-ci ildə də əməkdaşlıq əlaqələri davam etdiriləcək.