MƏDƏNİYYƏT
“COSMOPROF WORLDWIDE BOLOGNA” sərgisinin rəsmi təqdimatı keçirilib
Bakı, 28 aprel, Flora Şükürova, AZƏRTAC
Aprelin 28-də “Fairmont Baku” mehmanxanasında “COSMOPROF WORLDWIDE BOLOGNA” sərgisinin rəsmi təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən İtaliya Ticarət Agentliyinin ticarət komissarı Luici D`Aprea dünya miqyasında gözəllik sənayesi üzrə lider sərgilərdən biri olan “COSMOPROF WORLDWIDE BOLOGNA” sərgisinin artıq 49 ildir ki, beynəlxalq aləmdə sağlamlıq və gözəllik sahəsində aparıcı yer tutduğunu vurğulayıb. Bildirilib ki, parfümeriya və kosmetika, təbii estetik vasitələr və spa, saç və dırnaqlar, həmçinin gözəlliyin müxtəlif sahələrini özündə birləşdirən “COSMOPACK” (Qablaşdırma və icraat) sərgisinin 2016-cı ildəki sahəsi təqribən 90 min kvadratmetrdir.
Bologna Fiere Cosmoprof-un beynəlxalq əlaqələr üzrə meneceri Mattia Miglio bir çox iştirakçıların dünyanın gözəllik sahəsində baş verən yeniliklərdən xəbərdar olmaq və yeni partnyorlar tapmaq məqsədilə, ziyarətçilər və beynəlxalq alıcıların isə öz şəxsi bizneslərini inkişaf etdirmək üçün bu sərgidən beynəlxalq mərkəz kimi faydalandıqlarını bildirib. “Cosmoprof” sərgisinin uğurlarından biri kimi yalnız İtaliyanın Bolonya şəhərində deyil, həmçinin Las Vegas və Hong Kong şəhərlərində də keçirilməsi qeyd olunub. Bu məqsədlə “COSMOPROF” dünyada yüksək səviyyəli yeni sərgilər təşkil etmək üçün beynəlxalq təşkilatlarla saziş imzalayıb: Cosmoprof Worldwide Bologna, Cosmoprof Asiya (Hong Kong), Cosmoprof Şimali Amerika (Las Vegas).
İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo iki ölkə arasındakı tarixi ticarət əlaqələrindən danışaraq “COSMOPROF WORLDWIDE BOLOGNA” sərgisinin bu münasibətlərin daha da möhkəmlənməsində bir pay sahibi olacağını vurğulayıb.
Tədbir iştirakçıların da qatıldıqları şam yeməyi ilə yekunlaşıb.