İQTİSADİYYAT
CQBK-nın genişləndirilməsi layihəsi üzrə Azərbaycan və Gürcüstanda 300 kilometr borular qaynaq edilib
Bakı, 21 fevral, AZƏRTAC
2016-cı ildə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə Azərbaycan və Gürcüstanda 300 kilometr borular qaynaq olunub.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ildə layihə üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib.
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib, təqribən 239 kilometr uzunluğunda borular artıq qaynaq edilib, 207 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi istiqamətdə qazma işinin dördü il ərzində tamamlanıb, beşinci işin 2017-ci ilin birinci rübündə başa çatması gözlənilir.
Gürcüstan ərazisində ilin sonunda kəmər xəttinin inşası üzrə tikinti işləri bitmək üzrə idi. 61 kilometr uzunluğunda borular qaynaq edilib və 51 kilometr borunun üstü örtülüb. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.
Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. Birinci kompressor stansiyasında işlər təqribən 90 faiz tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. İkinci kompressor stansiyasında işlər 55 faiz, nəzarət-ölçü stansiyasında isə işlər 80 faiz tamamlanıb və bu stansiyanın da 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.