İQTİSADİYYAT
Cahangir Qocayev: Müfəssəl planın sifarişçisi yerli icra hakimiyyəti orqanları və bələdiyyələr olacaq VİDEO
Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas prioritetlər barədə AZƏRTAC-a müsahibəsində bildirib.
Sovet dövründə hazırlanan inkişaf planı ilə bugünkü plan arasında böyük fərqin olduğunu deyən C.Qocayev sxemdə əksini tapan bəzi məsələlərə toxunub: “Ərazi planlaşdırması və şəhərsalma ərazi idarəetməsinin əsasını təşkil edir. Sovet dövründə dövlət büdcəsindən maliyyələşmənin üstünlük təşkil etməsi və torpaq üzərində əsas etibarilə dövlət mülkiyyətinin mövcudluğu prinsipləri ilə hazırlanan planlaşdırma sənədi vardı. Ancaq müasir dövrdə torpaq üzərində mülkiyyət formaları dəyişib. Odur ki, planda dövlət mülkiyyəti də, bələdiyyə mülkiyyəti də, şəxsi mülkiyyət də nəzərə alınıb. Şəxsi mülkiyyət hazırda regional inkişaf planında xüsusi yer tutur. Məqsəd ondan ibarətdir ki, insanların malik olduğu ərazilərə, tikililərə mümkün qədər toxunulmasın. Bu, insanların mülkiyyət hüququnun yaranması və qorunmasında da xüsusi əhəmiyyətə malikdir”.
Hazırda regional inkişaf planı, həm də Bakının ərazidən istifadə planı üzərində işlər tamamlanıb. Aidiyyəti qurumlarla razılaşdırılaraq ictimai müzakirəyə çıxarılan plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub. C.Qocayev qeyd edib ki, regional inkişaf planı müəyyən prosedurdan keçdikdən sonra təsdiqlənəcək. Bu ərəfədə ayrı-ayrı ərazilərin müfəssəl planı da işlənib hazırlanacaq. Yeni qanunvericiliyə görə, müfəssəl planın sifarişçisi yerli icra hakimiyyəti orqanları və bələdiyyələr olacaq. Bu planları isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yəni bu sahənin peşəkarları təsdiqləyəcəklər. Müfəssəl planın yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən sifariş olunması, eyni zamanda, yerlərdə təşəbbüskarlığı da təmin edəcək.