REGİONLAR
“Canlı abidələr” Xaçmaz şəhərinin park və xiyabanlarını gəzib VİDEO
Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 16-da Bakı Uşaq Teatrı Xaçmaz şəhərində milli geyimlərimizin təbliği ilə bağlı maraqlı aksiya həyata keçirib.
AZƏRTAC xəbər verir ki, əyinlərində Azərbaycan milli geyimləri olan teatrın aktyorları şəhərin park və xiyabanlarını gəzib, tarix və mədəniyyət abidələrini ziyarət ediblər.
Şəhər sakinlərinə də “Canlı abidələr” adlanan layihəyə könüllü qoşulmaq imkanı yaradılıb. Teatrın kollektivi aksiya çərçivəsində açıq səma altında yaradılmış Şəxsiyyətlər Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.
Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan AZƏRTAC-a müsahibəsində bildirib ki, layihənin məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir və gənc nəslin zövqünün formalaşmasına, dünyagörüşünün inkişafına müsbət təsir göstərir. Layihəyə əsasən, milli geyimdəki hər bir aktyor canlı abidə rolunu oynayır.
Xaçmazdan əvvəl Bakı şəhərində həyata keçirilən “Canlı abidələr” layihəsi Azərbaycanın digər regionlarında da reallaşacaq.