İDMAN
Cari il Azərbaycan Triatlon Federasiyası üçün uğurlu olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Triatlon Federasiyasında (ATF) hesabat-seçki konfransından sonra İcraiyyə Komitəsinin ilk toplantısı keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda qurumun prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və qurumun fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb. Birinci Avropa Oyunlarında triatlonçu Rostislav Pevtsovun bürünc medal qazanmasının sevindirici hal olduğunu diqqətə çatdıran federasiya prezidenti idmançının öz nəticələrini yaxşılaşdırmaqda davam etdiyini söyləyib. Cari il R.Pevtsov Afrika açıq çempionatında qələbə qazanıb, Çində keçirilən dünya kubokunda gümüş medala layiq görülüb. Onun uğurlarının zirvəsi isə Çikaqodakı dünya seriyasının finalındakı çıxışı olub. Həmin mötəbər yarışda idmançımız 11-ci yeri tutub.
A.Məhərrəmov qeyd edib ki, Rostislav gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı artıq təmin edib: “İdmançımız dünya reytinqində yüksək pillədə qərarlaşıb. Buna görə də Braziliyada keçiriləcək “Rio-2016” Oyunlarına vəsiqəni demək olar ki, təmin edib. Bu isə o deməkdir ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarında triatlon növündə təmsil olunacaq”.
ATF-in prezidenti gənclərdən ibarət komandanın nəticələrindan də məmnunluğunu bildirərək deyib: “Əsas komanda ilə yanaşı, gənclərimiz də yaxşı nəticələr əldə edirlər. Darina Moskalenko Rumıniyada keçirilən Avropa kubokunda bürünc medal qazanmaqla ümidlərimizi doğruldub”.
A.Məhərrəmov qeyd edib ki, federasiyada üç istiqamətdə iş aparılır. Əsas komanda ilə yanaşı, gənclərin inkişafı və triatlonun təbliği sahəsində planlaşdırılan işlər tezliklə müsbət nəticəsini verəcək.
İclasda triatlon üzrə ilk açıq Azərbaycan çempionatının keçirilməsi müzakirə olunub. Bildirilib ki, yarış azarkeşlərdə triatlona marağı artıracaq və gənclərə idmanın bu növü ilə daha yaxından tanış olmaq imkan verəcək.
Qeyd olunub ki, Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə “BakuTriClub” adlı ilk rəsmi triatlon klubu yaradılıb. “BakuTriClub” Avropa Triatlon İttifaqının klub yarışlarında Azərbaycanın şərəfini qoruyacaq.
Sonda İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarına əsasən Rüstəm İbrahimov federasiyasının vitse-prezidenti seçilib. Cavad Axundzadə isə yenidən baş katib vəzifəsinə təsdiq olunub.