ELM VƏ TƏHSİL
Cari ildə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur
Bakı, 8 oktyabr, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Məktəbəhazırlıq mərhələsinin uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıdığını qeyd edən nazir diqqətə çatdırıb ki, 2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyəti bu ildən ümummilli proqrama çevrilib.