REGİONLAR
Cari ildə “Astara” ES-də 148,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 16 noyabr, AZƏRTAC
2016-cı ilin 10 ayı ərzində “Astara” elektrik stansiyasında (ES) 148,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Kollektiv cari ilin oktyabr ayında da yaxşı işləyib və stansiyada 18,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 milyon kilovat-saat artıqdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Digər enerji obyektləri kimi “Astara” ES-də də iş rejimi günün tələbləri səviyyəsindədir. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun istismar edilir.
2016-cı ilin son üç ayı ərzində “Astara” ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan nasazlıqlar aradan qaldırılıb.
Ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilib və 10 aqreqatdan ibarətdir.