REGİONLAR
Cari ildə Balakəndə 137 hektar sahədə yeni fındıq bağları salınıb
Balakən, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Hazırda rayonda 4 min 454 hektar fındıq bağı var. Bu bağların 3 min 449 hektarı barverəndir. Təkcə cari ilin ötən dövründə rayonda 137 hektar sahədə yeni fındıq bağları salınıb.
Bu barədə AZƏRTAC-a Balakən Rayon İcra Hakimiyyətinin rəsmisi Məmməd Şərifov məlumat verib.
M.Şərifov bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi, ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır.
2015-ci ildə rayonun fındıq bağlarından 4 min tondan çox məhsul götürülüb. Məhsul istehsalçıları fındığın satışından milyonlarla manat gəlir əldə ediblər.
Onun sözlərinə görə, rayon əhalisinin qazanc mənbələrindən biri də xurma istehsalıdır. Hazırda rayonda 843 hektar xurma bağı var. Bu bağların 683 hektarı barverəndir. Ötən il rayonda 14,3 min ton xurma istehsal olunub. Məhsul satış üçün daxili bazarla yanaşı, qonşu Gürcüstan və Rusiya bazarlarına da ixrac olunur.