REGİONLAR
Cari ildə Biləsuvarda 10 min 500 hektar sahədə pambıq əkiləcək
Biləsuvar, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Biləsuvarda kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə emal müəssisələri ilə müqavilələr bağlanılır, sahələr əkin üçün hazırlanır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 6 min 40 hektar sahədə pambıq əkilib, plantasiyalardan 12 min 62 ton məhsul toplanılıb. Bu da 2015-ci illə müqayisədə 2 dəfə çoxdur. Mövsüm ərzində 12 min nəfər işlə təmin edilib.
Bu il isə 10 min 500 hektarda pambıq əkini aparılması üçün hazırlıq işlərinə başlanılıb və emal müəssisələri ilə müqavilə bağlanılıb.
Qeyd edək ki, rayonda aqrar sektoru daha da inkişaf etdirmək məqsədilə 17 min 136 hektar əkinəyararlı qış otlaq sahəsinin təyinatı dəyişdirilərək, əkin dövriyyəsinə qatılıb. Eyni zamanda, rayonda iki aqropark yaradılıb. Aqroparklar üçün ayrılan ərazilərdə pambıq, taxıl, soya, günəbaxan, qarğıdalı və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.