ELM VƏ TƏHSİL
Cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, qəbul kampaniyasının başa çatması ilə bağlı sentyabrın 17-də TQDK-da mətbuat konfransı keçirilib. Konfransda TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib. Komissiya tərəfindən son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.
Belə ki, "Elektron hökumət" bülletenində hər ay dövlət qurumları üzrə "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunur. Həmin məlumatlara əsasən, cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 milyon 167 min 385 dəfə istifadə olunub. Bu da bir təşkilat üzrə rekord göstəricidir.
Eyni zamanda qeyd olunub ki, qəbul kampaniyasının gedişi və ayrı-ayrı mərhələlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması böyük əhəmiyyət kəsb edir.
TQDK-nın sədri cəmiyyətdə KİV-lərin mühüm rolunu vurğulayıb, onların fəaliyyətini yüksək dəyərləndirib.
Sonra TQDK-nın KİV nümayəndələri arasında keçirdiyi müvafiq müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.