MƏDƏNİYYƏT
Cari ildə ölkəmizin turizm şirkətləri və mehmanxanaları tərəfindən 700-ə yaxın əməkdaşlıq müqaviləsi bağlanılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrindən Azərbaycana turist axınını təmin etmək məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ildə ölkəmiz İstanbul, Berlin, Moskva, Kiyev, Dubay, Almatı Paris və Londonda keçirilən beynəlxalq turizm sərgilərində təmsil olunub.
Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu işgüzar turizm sahəsinə həsr olunmuş Frankfurt (İMEX) və Barselona (EİBTM) şəhərlərində keçirilmiş sərgilərində də iştirak edib. “İMEX 2014” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib, həmçinin Frankfurt şəhərində 62 reklam lövhəsində ölkəmizə dair reklam yerləşdirilib.
Bundan əlavə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari il sentyabrın 19-dan 29-dək Paris şəhərinin San Sülpis meydanında 10 gün davam edən “Azərbaycan şəhərciyi” adlı sərgidə Mədəniyyət və Turizm Nazirliyi xalqımıza məxsus mədəniyyətinin nümayişi ilə yanaşı, turizm potensialını da təbliğ edib. Nazirliyin sifarişi ilə hazırlanan fransız dilində “Evasion” bələdçi kitabı və “Azərbaycan mətbəxi” kitabçası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və digər qonaqlara təqdim olunub. Sərgi zamanı Nazirliyin stendini ziyarət edən qonaqlar interaktiv şəkildə www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış olublar.
Cari ildə həmçinin, nazirlik Türkmənistanın Avaza vilayətində təşkil olunan “Turizm və Səyahət” sərgisinə də qatılıb. Xarici ölkələrdə təşkil olunan sərgilərlə yanaşı, Mədəniyyət və Turizm Nazirliyi hər il Bakıda açılan “AİTF” beynəlxalq turizm və səyahətlər sərgisində milli stendlə çıxış edir.
İştirak etdi sərgilərdə Azərbaycanın turizm imkanları ilə yanaşı, mədəniyyətimiz də təbliğ olunur, həmçinin milli stenddə təqdimatlar, ikitərəfli görüşlər və xarici turizm nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir.
Eyni zamanda adıçəkilən sərgilər zamanı nazirlik tərəfindən iştirakçılara və ziyarətçilərə paylanılması üçün 11 dildə 30 növdə Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları sifariş olunur. Bununla yanaşı sərgilərdə Azərbaycanın turizm imkanlarına həsr olunan 12 videoçarx nümayiş etdirilib.
Ümumilikdə il ərzində Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində qatılıb. Nazirlik tərəfindən təşkil olunan Azərbaycanın regionlarının turizm potensialını əks etdirən milli stendlərdə 74 turizm şirkəti və 32 mehmanxana iştirak edib.
Nazirlik tərəfindən aparılmış təhlil göstərir ki, beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm şirkətləri və mehmanxanaları üçün yeni xarici tərəfdaşlar ilə işbirliyinin qurulması, habelə öz turizm məhsullarının xaricdə təbliği və ölkənin imici baxımından ən effektiv vasitələrindən biri hesab olunur. Təsadüfi deyil ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanılıb.