ELM VƏ TƏHSİL
Cari ildən etibarən gənc kimyaçı alimlərimizin xaricdə təcrübə mübadiləsi keçmələrinə başlanılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Cari ildən etibarən gənc kimyaçı alimlərimizin xaricdə təcrübə mübadiləsi keçməsi işlərinə başlanılıb.
Bu sözlər AMEA-nın Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının ilk dəfə keçirilən illik hesabatında səsləndirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev 2014-cü ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rəhbərlik etdiyi şuranın təşəbbüsü ilə kimya üzrə elmi-tədqiqat institutları arasında ilk dəfə AKİ-də gənc alimlərin elmi müsabiqəsi təşkil olunub. İki dəfə “Ən yaxşı analitik məqalə” müsabiqəsi müvəffəqiyyətlə başa çatıb. Kimya üzrə elmi-tədqiqat institutları arasında gənc tədqiqatçılar üçün mükafat da ilk dəfə AKİ-də təsis olunub. Belə ki, gənc alimlərin elmə dərindən həvəsləndirilməsi, eyni zamanda institutun adını daşıdığı Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Əli Quliyevin xatirəsini əbədiləşdirmək məqsədilə “Akademik Əli Quliyev adına mükafat” təsis edilib.
Vurğulanıb ki, AKİ-nin gənc mütəxəssisləri ölkə daxilində keçirilən beynəlxalq konfranslarda, elmi simpoziumlarda mütəmadi iştirak edirlər. Gənc mütəxəssislərimizin elmi fəaliyyətinin əsas nəticələri isə məqalə şəklində xarici ölkələrin impakt faktorlu jurnallarında çap olunur.
Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə kimya müəllimliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin Aşqarlar Kimyası İnstitutunda yay aylarında təcrübə keçməsi prosesinə də başlanılıb.
İclasda institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, son vaxtlar AMEA rəhbərliyi səviyyəsində gənclərə yüksək diqqət və qayğı göstərilir. İnstitutda gənclərin hər bir təşəbbüsünün dəstəkləndiyini söyləyən V.Fərzəliyev şura tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Sonda hesabat məruzəsi müzakirə olunaraq təsdiqlənib.