İQTİSADİYYAT
Cari ilin 1-ci rübündə Bakıda 5 nəfər qeyri-qanuni heyvan kəsimi ilə bağlı cərimə edilib
Bakı, 24 aprel, Ramiz Quliyev, AZƏRTAC
Cari ilin 1-ci rübündə Bakı şəhərində 5 fiziki şəxs qeyri-qanuni heyvan kəsimi ilə bağlı cərimə edilib.
Bunu Bakı şəhəri Baytarlıq İdarəsinin rəis müavini Eldar Həsənov AZƏRTAC-ın küçələrdə heyvan kəsiminin satışının qarşısının alınması üçün idarə tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sualını cavablandıraraq deyib.
O bildirib ki, küçələrdə heyvan kəsiminin qarşısının alınması yalnız baytar həkiminin deyil, eyni zamanda ərazi icra strukturlarının əsas vəzifələrindən biridir. Baytarlar haqqında Azərbaycan Respublikası Qanununda birmənalı şəkildə qeyd edilib ki, küçələrdə, meydançalarda, yollarda heyvan kəsiminin aparılması qadağandır. Bununla əlaqədar Bakı şəhəri Baş Dövlət Baytarlıq Müfəttişliyi tərəfindən əmr imzalanıb və yerlərdə dövlət baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi tapşırılıb.
E.Həsənov nəzərə çatdırıb ki, belə hallar aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq cərimə sanksiyaları tətbiq edilib. Cari ilin 1-ci rübü ərzində 5 fiziki şəxs qeyri-qanuni heyvan kəsimi apardığı üçün cərimə edilib. “Bu yalnız qeyri-qanuni heyvan kəsimi ilə bağlıdır. Bundan əlavə, sanitar qaydalarının pozulması, yaşayış məntəqələrində heyvanların saxlanılması qaydalarının pozulmasına və müvafiq profilaktik tədbirlərin aparılmaması ilə əlaqədar müvafiq cərimələr tətbiq olunub”.
Rəis müavini onu da vurğulayıb ki, son illər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin apardığı monitorinqlər nəticəsində xüsusilə də at kəsimi satışı ilə bağlı işbazlar aşkar edilib və onların qarşısı alınıb. Nəticədə təqribən 10 tondan artıq yararsız, mənşəyi məlum olmayan ət məhsulları aşkar edilərək zərərsizləşdirilib.
Onun sözlərinə görə, bəzi işbazlar hələ də bu əməllərindən əl çəkmək istəmirlər. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən belə şəxslərə qarşı inzibati qaydada deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi qaydasında iş qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Məsələn, Cəlilabad və Kürdəmir rayonları ərazisində at kəsimi satışı ilə məşğul olan şəxslər haqqında artıq lazımi sənədlər toplanıb, məlumata görə, hüquq-mühafizə orqanlarına göndərilib.