CƏMİYYƏT


Cari ilin 9 ayında fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 136 524 nəfər artıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemi məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilən vətəndaşlar haqqında məlumatların uçotunun təşkili və aparılmasını təmin edir. Hər bir şəxsin gələcək layiqli pensiya təminatı üçün fərdi hesabına kapital toplamasına imkan verən bu sistemin əhatə etdiyi vətəndaşların sayı getdikcə artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin sentyabr ayında 7 560 nəfər, yanvar-sentyabr aylarında isə 136 524 nəfər artaraq 01 oktyabr tarixinə 3 316 678 nəfərə çatıb.

Hazırda sistemdə fərdi şəxsi hesabı olanların 670 013 nəfəri (20,2 faiz) 30 yaşa qədər olanlar, 843 153 nəfəri (25,4 faiz) 30-40 yaşlarında olanlar, 666 561 nəfəri (20,1 faiz) 40-50 yaşlarında olanlar, 700 113 nəfəri (21,1 faiz) 50-60 yaşlarında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət sahələri kimi, fərdi uçot sistemi də elektron texnologiyalar üzərində qurulub. Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və digər e-xidmətləri vətəndaşların bu sahədə xidmətlərdən elektron müstəvidə və şəffaf şəkildə yararlanmasına şərait yaradıb.

Onlardan “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsini elektron qaydada həyata keçirmək üçündür. Bu e-xidmətdən cari ilin 9 ayında 132 368 dəfə, fərdi hesabda toplanan pensiya kapitalı barədə mütəmadi məlumat əldə etməyə imkan verən “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən isə 104 147 dəfə istifadə edilib. Bu sahə ilə bağlı digər e-xidmətlər də geniş istifadəçi kontingenti ilə seçilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.