CƏMİYYƏT


Cari ilin altı ayında 33 min 654 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib

Bakı, 21 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən fəal məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 min 654 işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən 8076-sı qadın, 10 min 432-si gənclərdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişaf təmin edilməklə bərabər, iqtisadi şaxələndirmənin genişləndirilməsi, əmək tutumlu yeni müəssisələrin yaradılması şəraitində yeni iş yerlərinin açılması daimi prosesə çevrilib. Nəticədə əmək bazarında qlobal böhranın təsirlərinin yarada biləcəyi gərginliyin qarşısının alınması, bu sahədə sabitliyin qorunub saxlanması təmin edilib. Bunun əyani göstəricisi kimi, cari ilin altı ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz, işsiz statusu verilənlərin sayında 30,8 faiz azalma qeydə alınıb.

Dövlətimizin başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində cari ilin ötən dövründə 820 işsiz və işaxtaran öz biznesini başlamaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Verilmiş aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. Hazırda da aktivlərin verilməsi prosesi davam etdirilir.

Hesabat dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün görülən işlərin davamı olaraq, son altı ayda 2286 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 gənc qəbul olunub.

Natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısamüddətli iş üçün müraciət edən şəxslərin müvafiq işlərlə təminatı da davam etdirilib. Yanvar-iyun aylarında Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən əhalinin, eləcə də ayrı-ayrı iş adamlarının sifarişləri əsasında 1405 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.