REGİONLAR
Cari ilin altı ayında Ağstafada 417 yeni iş yeri açılıb
Ağstafa, 29 iyul, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, Ağstafa rayonunda ilin birinci yarısında əldə edilən nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında rayonda ümumi məhsul buraxılışının həcmi 3,7 faiz, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı 1,9 faiz, tikinti işlərinin həcmi 2,2 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1,8 faiz artıb. Cari ilin birinci yarısında rayonda nəqliyyat və rabitə xidmətləri 2 və 2,3 faiz, ticarət dövriyyəsi 9,1 faiz artıb. 2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxalıb. Rayonda orta aylıq nominal əməkhaqqı 1,6 faiz artaraq 240 manat olub, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 2,8 faiz artım qeydə alınıb. Hesabat dövründə rayonda 417 yeni iş yeri açılıb ki, onun da 372-si (89,2 faiz) daimi iş yeridir.
Əsaslı təmir işləri aparılan Ağstafa rayon Mədəniyyət Evində işlər başa çatdırılıb. Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Hazırda Ağstafa şəhərinin Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrinin yenidən qurulması işləri aparılır. Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Bərpa Mərkəzinin yenidən qurulması işləri, eləcə də doğum şöbəsində aparılan təmir işləri başa çatmaq üzrədir. Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşdırılması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu və Soyuq Bulaq qəsəbələrində qazlaşdırma layihəsi başa çatmaq üzrədir.