REGİONLAR


Cari ilin altı ayında Şəmkirdə 1000-dən çox yeni iş yeri açılıb

Şəmkir, 25 iyul, Famil Quliyev, AZƏRTAC

Şəmkir rayonunda bu ilin altı ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun altı ayda sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə respublikada ilk dəfə olaraq Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanılıb. Təsis edilmiş “Ceyrançöl”, “Maral 15”, “Qaracəmirli”, “Morul”, “Abad Şəmkir”, “Çinarlı qəsəbə” Məhdud Məsuliyyətli cəmiyyətləri uğurlu fəaliyyətləri ilə bu gün kənd təsərrüfatı, tikinti və bir çox sahələrin inkişafına töhfələrini verməkdədirlər. Son altı ayda Şəmkirdə 1000-dən çox yeni iş yerinin yaradılmasında da bu cəmiyyətlərin böyük payı var.

Qeyd olunub ki, Şəmkirdə son dövrlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən magistral yolda dövlət vəsaiti hesabına təmir işlərinə başlanılıb. Təmir-tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Artıq yolun Dağ Cəyir kəndindən Yeni Göyçə kəndinə kimi olan hissəsinin təmir-tikintisi başa çatdırılıb, asfalt örtüyü çəkilib.

Hesabat məruzəsində bildirilib ki, Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi layihəsi cari ildə də davam etdirilib. Əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərindən sonra Çaparlı kəndinin də elektrik təsərrüfatı yenidən qurularaq müxtəlif diametrli SİP kabellər çəkilib, abonentlər “smart” sayğaclarla təmin olunublar.

Yığıncaqda rayon xidmət təşkilatlarının hesabatları da dinlənilib, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.