REGİONLAR
Cari ilin birinci rübündə Gəncədə məhsul istehsalı 2,6 faiz artıb
Gəncə, 21 aprel, Sabir Əliyev, AZƏRTAC
Gəncədə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, cari ilin birinci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Dövlətimizin başçısının Gəncəyə olan diqqət və qayğısı sayəsində əvvəllər qazanılan uğurlar daha da genişləndirilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumdaxili məhsul istehsalı 2,6 faiz yüksələrək 159,7 milyon manata çatıb. Tikinti-quraşdırma işlərində istifadə olunan vəsaitin həcmi ümumi sərmayənin 92 faizini təşkil edib.
Bildirilib ki, hesabat dövründə Heydər Əliyev Park-Kompleksində əyləncə mərkəzinin və Qış parkının, həmçinin beynəlxalq standartlara cavab verəcək Gəncə Olimpiya Parkının tikintisinə başlanılması iştiqamətində işlər aparılıb, 1200 tamaşaçı tutumu olan Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası davam etdirilib. Gəncə Dövlət Filarmoniyasının yeni binasının, eləcə də “Mətbuat evi”nin tikintisi başa çatdırılıb. Orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” tarixi-memarlıq kompleksində təmir-bərpa işləri sürətləndirilib.
Diqqətə çatdırılıb ki, cari ilin birinci rübü bir çox yeniliklərlə yaddaqalan olub. Hacıkənd qəsəbəsində yenidənqurma işləri davam etdirilib, burada inşa olunan dördmərtəbəli mehmanxananın tikintisi intensivləşdirilib. Əziz Əliyev, Mehmandarov, Təbriz, Kimyaçılar və digər küçələr abadlaşdırılaraq yenidən qurulub. Şəhərin Gülüstan yaşayış massivində böyük şair Mirzə Şəfi Vazeh muzeyinin və mütəfəkkirin adını daşıyan parkın, Əziz Əliyev küçəsində onun adını daşıyan parkın, eləcə də Gəncəçayın sağ sahilində yeni istirahət zonasının salınması istiqamətində işlər davam etdirilib.
Yığıncaqda əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən də danışılıb.
Sonda qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib.