REGİONLAR


Cari ilin birinci yarısında Şəkidə 1037 nəfər daimi işlə təmin olunub

A+ A

Şəki, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında 2016-cı ilin birinci yarısında rayonda görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil olunub.

AZƏRTAC xəbər verir ki, icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində bildirib ki, ilin birinci yarısında ilkin hesablamalara görə, rayonda faktiki qiymətlərlə 169 milyon 380 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Buraxılan məhsulun 6 faizi dövlət, 94 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,1 faiz artaraq 185 milyon 117 min manat olub. Müddət ərzində rayonda 1037 nəfər daimi işlə təmin olunub.

Məruzədə vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd edib və bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Diqqətə çatdırılıb ki, ölkə rəhbərinin tapşırığına uyğun olaraq Şəki rayonunda da ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bu il rayonda 785 hektarda tütün əkilib və hazırda sahələrdən yaş tütün yarpağının yığımı davam edir. Tütünçülük sahəsində 1895 nəfər mövsümü işlə təmin olunub.

Qeyd olunub ki, 2016-cı ildə rayonda 8,5 ton barama istehsalı proqnozlaşdırılsa da, tapşırığa artıqlaması ilə əməl edilib, 9 ton 751 kiloqram barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. İpəkçiliyin yem bazasının genişləndirilməsi məqsədilə cari ilin payız mövsümündə 17 hektar sahədə yeni toxmacar bağların salınması üçün indidən hazırlıq işləri görülür.

Diqqətə çatdırılıb ki, respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bu il 200 min tondan çox taxıl istehsal edilməsi nəzərdə tutulur.

Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, ixracyönümlü məhsulların istehsalı ilə bağlı tapşırıq və tövsiyəsinə uyğun olaraq hazırda yerli sahibkarlar tərəfindən yeni layihələr həyata keçirilir. Orta Zəyzid bələdiyyəsinə məxsus ərazidə müasir texnologiyalar əsasında yaradılan aqroparkda 78 hektar sahədə İtaliya və Fransadan gətirilmiş müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilib. Əlavə olaraq, həmin ərazidə 24 hektar sahədə mebel sənayesini inkişaf etdirmək məqsədilə Türkiyədən gətirilən pavloniya ağacları da yetişdirilir.

Hesabat məruzəsində, həmçinin 2016-cı ilin birinci yarısında rayonun mədəni həyatında baş verən yeniliklərdən ətraflı bəhs edilib. Bildirilib ki, TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəkidə cari ilin aprelində “paytaxt ili”nin təntənəli açılış mərasimi olub. İyunun axırında keçirilən Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalında dünyanın bir sıra ölkələrindən gələn tanınmış musiqi kollektivləri iştirak edib.

Yığıncaqda 2016-cı ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.