CƏMİYYƏT
Cari ilin birinci yarısında insan alveri ilə bağlı 78 fakt qeydə alınıb
Bakı, 1 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında insan alveri ilə bağlı 78 fakt qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə 2015-ci ilin birinci yаrımilində Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərin nəticələrinə dair məlumatda bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, bu sosial bəlaya qarşı mübarizə sahəsində beynəlxalq, regional və milli səviyyədə mübarizə aparılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Cari ilin birinci yarımilində həyata keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində 78 insan alveri, insan alveri məqsədilə sənədlərlə 9 qanunsuz hərəkət, 5 məcburi əmək cinayət faktı qeydə alınıb. İnsan alveri cinayəti törətdiklərinə görə 17 şəxs (15 qadın, 2 kişi) cinayət məsuliyyətinə cəlb edilib və 48 insan alveri qurbanı (5-i əcnəbi şəxs) müəyyən edilib. Axtarışda olan 4 insan alverçisi tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib, 14 insan alverçisinin “İnterpol”un xətti ilə beynəlxalq axtarışı davam etdirilir.
Hesabat dövründə qurbanların və ehtimal olunan qurbanların təhlükəsiz sığınacaqda yerləşdirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülüb. Qurbanların 47-si qаdın, biri kişidir. Onlardan biri əmək, 47-si isə cinsi istismara məruz qalıb. Həmin şəxslərdən 5-i əcnəbi (hamısı özbək əsilli), 43-ü Azərbaycan vətəndaşlarıdır. Qurbanlardan 33-ü Türkiyədə, 6-sı Azərbaycanda, 6-sı Birləşmiş Ərəb Əmirliyində, 3-ü Rusiyada istismar olunub. Onlardan 18-i Bakı, 30-u isə respublikanın digər şəhər və rayonlarının sakinləridir. Qurbanlardan 10-u erkən nikaha daxil olub, 28-nin məişət zorakılığına məruz qalmış şəxslər olması müəyyən edilib.
Müəyyən olunmuş qurbanlardan hər birinə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. 42 insan alveri qurbanının müvəqqəti yaşaması üçün Baş İdarəyə bilavasitə tabe olan, insan alveri qurbanları üçün sığınacağa yеrləşdirilib, onlara tibbi, psixoloji, hüquqi və digər sosial yardımlar göstərilib. 25 insan alveri qurbanının ailələri ilə söhbətlər aparılıb, оnlаrın ailələrinə qaytarılması təmin edilib. Qurbanların uşaqları da diqqətdə saxlanılıb. Belə ki, 13 uşaq məktəbəqədər təhsil proqramına cəlb edilib, 5 uşağa doğum haqqında şəhadətnamələrin alınmasında kömək göstərilib. Yetkinlik yaşına çatmış iki şəxs peşə kurslarına cəlb edilib. Əlavə sosial xidmətlər üçün 21 nəfər qeyri-hökumət təşkilatlarına, 43 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanlarına yardım mərkəzinə istiqamətləndirilib. Cari ilin 6 ayı ərzində DİN-in İnsan alveri qurbanlarına Kömək Fondu tərəfindən 33 insan alveri qurbanına qanunla yardımlar göstərilib.
Qurbanların müəyyən edilməsi və onların problemlərinin həlli ilə bağlı yaradılmış 152 nömrəli “Qаynаr хətt”ə hеsаbаt dövründə daxil olmuş 6388 zəng üzrə maarifləndirici söhbətlər aparılıb, suallar cavablandırılıb.
Hesabat dövründə insan alveri cinayətləri ilə mübarizənin səmərəliliyinin artırılması, bu xidmət sahəsi üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif beynəlxalq və xarici təşkilatlar tərəfindən həyata keçirilən layihələr, həmçinin yerli qurumların təşəbbüsü ilə ölkəmizdə təşkil edilən 17 seminar, konfrans, təlim, “dəyirmi masa”, ikitərəfli və çoxtərəfli görüşlərdə Baş İdarənin əməkdaşları iştirak еdib, xarici ölkələrə (Rusiya, Türkmənistan, ABŞ, Serbiya, Ukrayna, Belçika, Fransa) еzam оlunublar. Baş İdarənin əməkdaşları yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və şəhər, rayon polis оrqаnlаrının əməkdaşları üçün insan alveri və onun aradan qaldırılması yolları, Azərbaycanda insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, bu qəbildən cinayətlərin profilaktikası və açılması üzrə aidiyyəti xidmətlərin qarşılıqlı fəaliyyətinin təşkili mövzularında keçirilən ixtisasartırma kurslarına qatılıb və təlimçi qismində mühazirələrlə çıxış ediblər.
Respublikanın 19 rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları, icra hakimiyyətlərinin gənclər və yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalarının, QHT və KİV nümayəndələri, tibb və məşğulluq mərkəzlərinin, nəqliyyat, təhsil, sosial müdafiə müəssisələrinin işçiləri, yerli sahibkarlar cəlb edilməklə Bakıdakı 28 ilk peşə və respublika üzrə 41 orta ixtisas təhsili müəssisələrində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin iştirakçılarına Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici vasitələr paylanıb.
İnsan alverinə qarşı mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumatlar mütəmadi olaraq Baş İdarənin internet səhifəsində (www.iаqmi.gоv.аz) yerləşdirilir, əldə edilən nəticələr mətbuatda geniş işıqlаndırılır.
Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası qanunlarının, dövlətimizin başçısının fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, eləcə də, DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin icrası üzrə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və ona tabeli qurumlar tərəfindən müvafiq işlərin görülməsi davam etdirilir.