MƏDƏNİYYƏT
Cari ilin birinci yarısında ölkəmiz 13 beynəlxalq turizm sərgisində təmsil olunub
Bakı, 12 iyul, AZƏRTAC
Cari ilin birinci yarımilliyi ərzində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 13 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılıb. Sərgilərdə nazirliklə yanaşı, 30-dan çox şirkət də iştirak edib. Bundan əlavə nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ötən müddət ərzində ölkəmiz Türkiyə, İran, İtaliya, Almaniya, Rusiya, Çin, BƏƏ, Koreya Respublikası, ABŞ və Qazaxıstanda təşkil olunan beynəlxalq turizm sərgilərində uğurla təmsil olunub.
2016-cı ilin ikinci yarımilliyində Mədəniyyət və Turizm Nazirliyinin Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA”, Özbəkistanın Daşkənd şəhərində təşkil olunacaq “Turizm İpək Yolunda” və Böyük Britaniyanın London şəhərində keçiriləcək “WTM” beynəlxalq turizm sərgilərində iştirakı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın gəlmə turizm imkanlarının genişləndirilməsi məqsədilə infrastruktur layihələrinin və məhsullarının çeşid imkanlarının artırılması, xidmət səviyyəsinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkəyə gəliş imkanlarının asanlaşdırılmasının təmin edilməsi kimi məsələlərlə yanaşı, xaricdə respublikamızın turizm potensialının və müsbət imicinin təbliği böyük əhəmiyyət kəsb etməkdədir. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi yaradıldığı ilk gündən etibarən dünyanın bir sıra ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliği məqsədilə geniş miqyaslı fəaliyyət həyata keçirməkdədir. Nazirlik ölkə turizminin xaricdə təbliği, eləcə də xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə beynəlxalq turizm sərgilərində təmsil olunur.