REGİONLAR
Cari ilin birinci yarısının yekunları müzakirə edilib
Naxçıvan, 29 iyul, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas olub.
AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın sədri Etibar Musayev hesabat dövrü ərzində dövlət qulluqçularının reyestrinin elektron formada aparılmasının davam etdirildiyini, dövlət qulluqçularının əksəriyyətinin reyestr məlumatlarının elektron bazaya işləndiyini bildirib.
Nəzərə çatdırılıb ki, indiyədək 2008 nəfər dövlət qulluqçusunun məlumatları bazaya işlənib. Onların 740 nəfərin reyestr məlumatları rəsmi sənədlər əsasında yoxlanılaraq dəqiqləşdirilib. Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün 2015-ci il fevralın 18-də elan edilən müsabiqəyə 351 nəfər sənəd təqdim edib, onlardan 15 nəfəri müsabiqəni müvəffəqiyyətlə başa vuraraq vakant vəzifələrə təyin olunub.
Qeyd edilib ki, muxtar respublikanın daxili işlər və vergi orqanlarında, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları şəffaflıqla keçirilib. Hesabat dövrü ərzində Komissiyanın dövlət orqanları ilə əməkdaşlığı davam etdirilib, həmin orqanlarda dövlət qulluğu siyasətinin düzgün həyata keçirilməsi, o cümlədən kadrlarla işin təşkili daim nəzarətdə saxlanılıb. Ötən ilin 6 ayı ərzində 15 nəfər dövlət qulluqçusu fəxri adlarla və təltiflərlə mükafatlandırılıb.
Bildirilib ki, bəhs olunan dövr ərzində Komissiyanın ictimaiyyətlə əlaqələri və vətəndaşların müraciətlərinə baxılması da diqqət mərkəzində saxlanılıb. 2015-ci ilin birinci yarısında Komissiyaya 465 müraciət daxil olub ki, bunlardan 44-ü elektron müraciətdir. Bütün müraciətlər araşdırılıb və müvafiq qaydada cavablandırılıb.
Məruzə ətrafında müzakirələrdə Komissiyanın əməkdaşları Arzuman İmanovun, Rafiq Nəcəfovun, Fatma Hüseynovanın çıxışları olub.